44. Əd-Duxan
1Ha. Mim
2And olsun bu aydın Kitaba
3Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq
4Hər bir hikmətli iş o gecədə ayırd edilir –
5dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk –
6sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir
7Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir
8Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir
9Lakin onlar şəkkə qapılıb əylənirlər
10Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə
11O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır
12Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək”– deyəcəklər
13Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də
14onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər
15Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız
16Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq
17Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi
18O dedi: “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm
19Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm
20Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram
21Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”
22Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”
23Allah dedi: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız
24Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”
25Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər
26Habelə əkinlər, möhtəşəm yerlər
27və içində həzz aldıqları nemətləri də qoyub getdilər
28Bax belə! Biz o nemətlərə başqalarını varis etdik
29Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi
30Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
31Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi
32Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq
33Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik
34Bunlar mütləq deyəcəklər
35“Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik
36Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!”
37Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi
38Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq
39Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir
40Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır
41O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir
42Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir
43Həqiqətən, zəqqum ağacı
44günahkar adamın yeməyidir
45Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –
46qaynar su qaynayan kimi
47Onu tutub Cəhənnəmin ortasına sürüyün
48Sonra əzab vermək üçün başına qaynar su tökün
49Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin
50Sizin şübhə etdiyiniz əzab budur
51Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –
52bağçalarda və çeşmələr başında olacaqlar
53Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər
54Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik
55Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər
56Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur –
57sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur
58Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər
59Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath