İslam
geri

36. Yaseen

1Ya. Sin

2And olsun hikmətli Qurana

3Həqiqətən, sən göndərilmiş elçilərdənsən

4doğru yoldasan

5Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir ki

6ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən

7Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər

8Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır

9Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər

10Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər

11Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ

12Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq

13Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək

14O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər

15Onlar dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”

16Elçilər dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik

17Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir”

18Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”

19Elçilər dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayırsınız? Doğrusu, siz həddi aşmış bir millətsiniz”

20Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay camaat! Elçilərin ardınca gedin

21Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin

22Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim

23Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər

24Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram

25Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”

26Şəhərin sakinləri bu kişini öldürdükdən sonra ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki

27Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”

28Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik

29Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər

30Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər

31Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə – bunların yanına qayıtmadığını görmürlərmi

32Hamısı bir yerdə Bizim hüzurumuza gətiriləcəklər

33Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər

34Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki

35onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi

36Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir

37Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar

38Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür

39Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur

40Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir

41Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir

42Biz onlar üçün buna bənzər daha neçə-neçə minik vasitələri yaratdıq

43Əgər istəsək, onları suya qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər

44Yalnız Bizim onlara rəhm etməyimiz və onlara, müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz istisnadır

45Onlara: “Önünüzdə olan və arxanızca gələndən (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə üz çevirirlər

46Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər

47Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”

48Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyə soruşurlar

49Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər

50Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər

51Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar

52Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”

53Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər

54Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir

55Həqiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək

56Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər

57Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır

58Üstəlik Rəhmli Rəbb onlara: “Salam” deyəcək

59“Bu gün möminlərdən ayrılın, ey günahkarlar

60Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir

61Mənə ibadət edin? Doğru yol budur

62Artıq şeytan içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz

63Bu sizə vəd edilmiş Cəhənnəmdir

64Kafir olduğunuza görə bu gün orada yanın!”

65Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər

66Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar düz yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər

67Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər

68Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər

69Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki

70diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin

71Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq

72Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər

73Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi

74Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər

75Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir

76Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik

77Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir

78O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?”

79De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir

80O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”

81Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir

82Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar

83Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath