İslam
geri

22. Əl-Həcc

1Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır

2Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir

3İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi şeytana itaət edir

4Onun haqqında belə yazılmışdır: kim şeytanla dostluq etsə, şeytan onu doğru yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər

5Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir

6Bunun səbəbi Allahın Haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir

7Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir

8İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir

9O, başını təkəbbürlə o yan bu yana çevirir ki, insanları Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm məşəqqətini nəsib edəcəyik

10Ona deyiləcəkdir: “Bu, əvvəllər öz törətdiyin əməllərin əvəzidir, yoxsa Allah qullarına əsla zülm edən deyildir”

11İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur

12O, Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə yalvarır. Dərin azğınlıq da elə budur

13Həm də zərəri xeyrindən daha yaxın olana yalvarır. O nə pis köməkçi, nə pis yoldaşdır

14Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcək. Şübhəsiz ki, Allah istədiyini edər

15Kim ki, dünyada və axirətdə Allahın Peyğəmbərinə kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya (evinin tavanına) bir ip salıb boynuna keçirsin, sonra da ayağını yerdən üzsün və görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu Allahın bu köməyinə mane ola bilərmi

16Beləcə, Biz Quranı açıq-aydın ayələr kimi nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldir

17Şübhəsiz ki, Qiyamət günü Allah möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında hökm verəcəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir

18Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? Onların əksəriyyəti isə əzab çəkməyə layiq olanlardır. Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər

19Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir

20Bununla, onların bətnlərindəkiləri və dərisi əridiləcəkdir

21Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır

22Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq və onlara: “Dadın odun əzabını!”– deyiləcəkdir

23Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır

24Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər

25Kafir olanlara, insanları həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr – üçün qurduğumuz Məscidulharamdan sapdıranlara və orada zülm etməklə haqdan dönmək istəyənlərə ağrılı-acılı bir əzab daddıracağıq

26Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”– demişdik

27İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn qayışbaldır dəvələr üstündə gəlsinlər

28Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, sıxıntı içində olan yoxsullara da yedirdin

29Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim evi (Kəbəni) təvaf etsinlər

30Bax belə! Hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. Haram olduğu sizə oxunanlardan başqa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin

31ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar

32Bax belə! Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır

33Onlarda (qurbanlıq heyvanlarda) sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların kəsiləcəyi yer qədim evin (Kəbənin) yaxınlığındadır

34Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver

35o kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər

36Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Onları səf-səf düzülmüş halda kəsərkən Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz

37Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ

38Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir. Həqiqətən, Allah heç bir nankor xaini sevmir

39Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir

40Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir

41Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir

42Əgər səni yalançı saysalar, bil ki, səndən əvvəl Nuhun xalqı da, Ad və Səmud tayfaları da elçiləri yalançı saymışdı

43İbrahim tayfası da, Lut xalqı da

44Mədyən əhli də elçiləri yalançı saymışdı. Musa da yalançı sayılmışdı. Mən kafirlərə möhlət verdim, sonra onları əzabla yaxaladım. Mənim onları inkar etməyimin necə olduğunu bir görəydin

45Neçə-neçə şəhərlər olmuşdur ki, əhalisi zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyular və neçə-neçə boş qalmış qəsrlər də vardır

46Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalımların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kor olur

47Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir

48Neçə-neçə şəhərlərə, əhalisi zülm edərkən möhlət verdim, sonra onları əzabla yaxaladım. Dönüş də ancaq Mənədir

49De: “Ey insanlar! Mən sizə yalnız açıq xəbərdarlıq edənəm

50İman gətirib yaxşı işlər görənlər üçün bağışlanma və bol ruzi hazırlanmışdır

51Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhənnəm sakinləridirlər

52Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, ayələrimizi oxumaq istədikdə şeytan onun oxuduğuna gizlicə vəsvəsə verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir

53Belə edər ki, şeytanın gizli təlqini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq vasitəsinə çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər

54Qoy elm verilən kəslər, bu Kitabın Rəbbin tərəfindən göndərilmiş həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər

55Kafir olanlar isə, o Saat qəflətən onların başlarının üstünü alanadək, yaxud səmərəsiz bir günün əzabı onlara gəlib yetişənədək, Quran barəsində şəkk-şübhə içində qalarlar

56O gün hökm yalnız Allahındır. Allah onların arasında hökm verəcəkdir. İman gətirib yaxşı işlər görənlər Nəim bağlarında olacaqlar

57Kafir olub ayələrimizi yalan hesab edənləri isə rüsvayedici bir əzab gözləyir

58Allah yolunda hicrət edənlərə, sonra öldürülənlərə və yaxud ölənlərə Allah hökmən gözəl ruzi verəcəkdir. Həqiqətən, Allah ruzi verənlərin ən yaxşısıdır

59Allah onları razı qalacaqları yerə daxil edəcəkdir. Həqiqətən, Allah Biləndir, Həlimdir

60Bax belə! Hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də haqsızlığa məruz qalsa, bilsin ki, Allah ona mütləq kömək edəcəkdir. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır

61Bu belədir. Çünki Allah gecəni gündüzə, gündüzü də gecəyə qatır. Allah Eşidəndir, Görəndir

62Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür

63Məgər Allahın göydən yağış yağdırdığını və onunla yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır

64Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir

65Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir

66Sizə həyat verən, sonra öldürəcək, daha sonra dirildəcək məhz Odur. İnsan, həqiqətən də, nankordur

67Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən onları Rəbbinə ibadət etməyə dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan

68Əgər səninlə mübahisə etsələr, de: “Allah sizin nə etdiyinizi daha yaxşı bilir

69İxtilaf etdiyiniz məsələlər barəsində Allah sizə Öz hökmünü Qiyamət günü verəcəkdir”

70Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, Yazıda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır

71Onlar Allahı qoyub, haqqında heç bir dəlil nazil edilməyən və üstəlik özlərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Zalımlara kömək edən olmaz

72Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: “Sizə bundan daha pisini xəbər verimmi? Bu, Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayıdış yeridir!”

73Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də

74Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir

75Allah mələklərdən də elçilər seçir, insanlardan da. Həqiqətən, Allah Eşidəndir, Görəndir

76Allah onların keçmişini və gələcəyini bilir. Bütün işlər Allaha qayıdır

77Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız

78Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath