76. Əl-İnsan
1Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir
2İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik
3Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun
4Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq
5Sözsüz ki, itaətkarlar kafur qatılmış şərabla dolu badələrdən nuş edəcəklər
6Bu elə bir bulaqdır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər
7Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar
8Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər
9və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik
10Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”
11Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər
12onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar
13Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər
14Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək
15Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq
16Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar
17Orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək
18Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır
19Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan
20Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən
21Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir
22Onlara deyiləcəkdir: “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”
23Biz Quranı sənə hissə-hissə aramla nazil etdik
24Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə
25Səhər-axşam Rəbbinin adını zikr et
26Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de
27Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı ağır günü görməməzliyə vururlar
28Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları özlərinə bənzərləri ilə dəyişdirərik
29Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar
30Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir
31O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath