İslam
geri

58. Əl-Mücadilə

1Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir

2Sizlərdən öz qadınlarını anaya bənzədərək özlərinə haram edənlərin zövcələri onların anaları deyillər. Anaları ancaq onları doğmuş qadınlardır. Onlar yaramaz və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, Bağışlayandır

3Qadınlarını anaya bənzədərək özlərinə haram edib, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır

4Buna imkan tapa bilməyən kəs, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir

5Allaha və Onun Elçisinə qarşı çıxanlar, özlərindən əvvəlkilərin alçaldıqları kimi alçaldılacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir

6O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə etdiklərini unutmuşlar. Allah hər şeyə şahiddir

7Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir

8Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?”– deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir

9Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanılacağınız Allahdan qorxun

10Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər

11Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!”– deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!”– deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır

12Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağışlayandır, Rəhmlidir

13Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz bunu etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır

14Məgər sən, Allahın qəzəbləndiyi adamlarla dostluq edənləri görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər

15Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir

16Onlar andlarını özlərinə sipər edib insanları Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir

17Allaha qarşı nə malları, nə də övladları onlara heç bir fayda verə bilməyəcək. Onlar Cəhənnəm sakinləridir və orada əbədi qalacaqlar

18Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi, Ona da and içəcək və nə isə əldə etdiklərini güman edəcəklər. Əslində, onlar əsl yalançılardır

19Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır

20Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar

21Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir

22Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath