İslam
geri

52. Ət-Tur

1And olsun dağa

2And olsun yazılmış Kitaba –

3nazik dəri üzərində olan Kitaba

4And olsun Beytulməmura

5And olsun yüksək tavana

6And olsun alovlanan dənizə

7Rəbbinin əzabı hökmən vaqe olacaqdır

8Heç nə onun qarşısını ala bilməz

9O gün göy şiddətlə sarsılacaq

10dağlar da hərəkətə gələcəkdir

11O gün vay halına haqqı yalan sayanların

12O kəslər ki, yalan bataqlığında əylənirlər

13O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar

14Onlara deyiləcək: “Bu sizin yalan saydığınız Cəhənnəm odudur

15Bəlkə bu da sehrdir, siz görmürsünüz

16Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”

17Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar

18Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir

19Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!”

20Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik

21Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur

22Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik

23Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik etməz

24Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar

25Onlar bir-birinə üz tutub soruşacaqlar

26Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq

27Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu

28Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”

29Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli

30Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!”– deyirlər

31De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”

32Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır

33Yoxsa onlar: “Bunu özündən uydurdun!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər

34Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər

35Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır

36Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar

37Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər

38Yoxsa onların, üstünə çıxıb mələklərin söhbətlərini dinlədikləri bir nərdivanı vardır? Onda qoy onların mələkləri dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər

39Yoxsa qızlar Onun, oğlanlar isə sizindir

40Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar

41Yoxsa onlar qeybi bilir və onu yazırlar

42Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar

43Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır

44Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!”– deyərlər

45Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et

46O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir

47Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin onların çoxu bunu bilmir

48Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et

49Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath