43. Əz-Zuxruf
1Ha. Mim
2Bu aydın Kitaba and olsun
3Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız
4Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur
5Siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri sizə çatdırmaqdan vaz keçməliyik
6Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbərlər göndərmişdik
7Onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar
8Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti ötüb keçmişdir
9Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən Allah yaratmışdır!”– deyəcəklər
10O, yeri sizin üçün beşik etdi və orada sizin üçün yollar saldı ki, bəlkə düz gedə biləsiniz
11Göydən lazım olduğu qədər su endirildi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də beləcə dirildilib çıxarılacaqsınız
12O, bütün canlıları və bitkiləri cüt yaratdı. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki
13onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı
14Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq”
15Müşriklər Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular). Həqiqətən, insan açıq-aydın nankordur
16Yoxsa Allah yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün seçmişdir
17Onlardan birinə, Mərhəmətli Allaha aid etdikləri qız uşağı ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar
18Onlar zinət içində böyüdülən və çəkişmə zamanı aydın danışa bilməyən qızlarınımı Allaha isnad edirlər
19Onlar Mərhəmətli Allahın qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar mələklərin yaradılışının şahidi olublar? Onların bu şahidliyi yazılacaq və buna görə cavab verməli olacaqlar
20Onlar dedilər: “Əgər Mərhəmətli Allah istəsəydi, biz onlara ibadət etməzdik!” Onların bu haqda heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar
21Bəlkə onlara bundan əvvəl kitab vermişik və onlar da ona istinad edirlər
22Xeyr! Müşriklər: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– deyirlər
23Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– dedilər
24Peyğəmbər dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”
25Biz də onlardan intiqam aldıq. Bir gör haqqı yalan sayanların aqibəti necə oldu
26Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam
27Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”
28O bunu (“lə ilahə illəllah” kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar
29Doğrusu, Mən bunlara da, atalarına da haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim
30Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmırıq!”– dedilər
31Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama nazil edilmədi?”
32Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir
33Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək təhlükəsi olmasaydı, Mərhəmətli Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik
34evlərinin qapılarını və söykəndikləri taxtları da
35Üstəlik zinət də verərdik. Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxanlar üçündür
36Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar
37Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər
38Nəhayət, o, hüzurumuza gəldikdə yoldaşına deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib arasındakı uzaqlıq qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!”
39Onlara deyilər: “Siz haqsızlıq etdiyinizə görə bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!”
40Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən
41Biz səni götürüb aparsaq da, yenə onlardan mütləq intiqam alacağıq
42Yaxud onlara vəd etdiyimizi sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz çatar
43Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan
44Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız
45Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş; Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlarmı icad etmişik
46Biz Musanı Öz dəlillərimizlə Firon və onun əyanlarının yanına göndərdik. Musa dedi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”
47Musa dəlillərimizi onlara bəyan edən kimi onlar buna güldülər
48Bizim onlara göstərdiyimiz hər bir möcüzə, əvvəlkilərdən daha da üstün idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, doğru yola qayıdalar
49Onlar: “Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et, biz də doğru yola gələk”– dedilər
50Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən döndülər
51Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü
52Ya da mən bu aciz və az qala sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi
53Nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?”
54Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq adamlar idilər
55Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını dənizdə batırdıq
56Biz onları sonradan gələn nəsillər üçün izi-tozu itirilib yox edilmiş bir millətə və ibrət alınmalı bir həqiqətə çevirdik
57Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü
58Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır
59O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur
60Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq
61Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol
62Şeytan sizi doğru yoldan döndərməsin. Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir
63İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin
64Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!”
65Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalımların halına
66Onlar özləri də hiss etmədən o Saatın qəflətən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər
67O gün müttəqilərdən başqa bütün dostlar bir-birinə düşmən kəsiləcəklər
68Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də
69Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz
70Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun
71Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız
72Xeyirxah əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur
73Orada sizin üçün bol-bol meyvələr vardır, onlardan yeyəcəksiniz
74Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar
75Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar
76Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər
77Onlar Cəhənnəm gözətçisini çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz burada əbədi qalacaqsınız!”– deyəcək
78Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı
79Yoxsa müşriklər işə qəti qərarmı verdilər? Əslində, qəti qərarı Biz veririk
80Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında əməllərini yazan elçilərimiz vardır
81De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım
82Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi müqəddəsdir və onların Ona aid etdikləri sifətlərdən uzaqdır!”
83Onları burax, qoy vəd olunduqları günə qovuşanadək batil işlərə dalsınlar və bir müddət əylənsinlər
84Göydə də məbud, yerdə də məbud yalnız Odur. O, Müdrikdir, Biləndir
85Göylərin, yerin və onların arasında olan hər şeyin sahibi olan Allah nə qədər xeyirxahdır! O Saat haqqında bilgi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız
86Müşriklərin Onu qoyub yalvardıqları tanrılar şəfaət verə bilməzlər. Mənasını bilərək haqqa şəhadət verənlər isə istisnadır
87Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!”– deyərlər. Gör necə də haqdan döndərilirlər
88Peyğəmbər dedi: “Ey Rəbbim! Bunlar iman gətirməyən adamlardır!”
89Onlara “Salam!” deyib, vaz keç. Onlar tezliklə biləcəklər
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath