İslam
geri

41. Fussilat

1Ha. Mim

2Bu, Mərhəmətli və Rəhmli Allah tərəfindən nazil edilmiş

3ayələri Quran olaraq ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır

4O, həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər

5Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!”

6De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Ona tərəf doğru yol tutun və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına

7O kəslərin ki, zəkat vermir və axirəti inkar edirlər

8İman gətirib yaxşı əməl işləyənləri tükənməz nemətlər gözləyir”

9De: “Doğrudanmı siz yeri iki gündə yaradana küfr edir və bütləri Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir

10O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və ruzi istəyənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yerbəyer etdi

11Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!”– dedi. Onlar: “Könüllü olaraq gəldik!”– dedilər

12O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük. Bu, Qüdrətli və Bilən Allahın əzəli hökmüdür

13Əgər üz döndərsələr, de: “Mən sizi də Ad və Səmudu saran ildırıma bənzər bir ildırımın sarsıda biləcəyindən xəbərdar edirəm”

14Onlara önlərindən və arxalarından: “Yalnız Allaha ibadət edin!”– deyə əmr edən elçilər gəlmişdi. Onlar isə: “Əgər Rəbbimiz istəsəydi, mələklər endirərdi. Biz sizinlə göndərilənlərə inanmırıq!”– demişdilər

15Ad xalqına gəlincə, onlar yer üzündə haqsızcasına təkəbbür göstərib: “Bizdən daha qüvvətli kim ola bilər?”– dedilər. Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmürdülərmi? Onlar ayələrimizi, sadəcə, inkar edirdilər

16Biz onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün uğursuz günlərdə üstlərinə çox soyuq bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də edilməz

17Səmud xalqına gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular və onları qazandıqları günahlar üzündən alçaldıcı əzab ildırımı yaxaladı

18İman gətirib Allahdan qorxanları isə xilas etdik

19Allaha yağı kəsilənlər Cəhənnəmə sürüklənib toplanılacaqları günə qədər bir yerdə saxlanacaqlar

20Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir

21Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”

22Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir

23Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz

24Əzaba dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz

25Biz onlara fasiq yoldaşlar qoşduq və bu dostlar onlara öndəkilərini və arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar

26Kafirlər: “Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz”– dedilər

27Biz kafirlərə mütləq şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq

28Budur Allahın düşmənlərinin cəzası – Od! Ayələrimizi inkar etmələri üzündən orada onları, cəza yeri kimi, əbədi yurd gözləyir

29Kafirlər deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları bizə göstər ki, biz onları tapdağımız altına salıb yerlə yeksan edək”

30Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin

31Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır

32Bağışlayan və Rəhmli Allah tərəfindən verilən ziyafət kimi”

33İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər

34Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar

35Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur

36Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir

37Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin

38Əgər onlar təkəbbür göstərsələr bilsinlər ki, sənin Rəbbinin yanında olanlar gecə-gündüz usanmadan Onun şəninə təriflər deyirlər

39Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir

40Sözsüz ki, ayələrimizdən üz döndərənlər Bizdən gizli qalmazlar. Onda deyin görək oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət gününə əmin-amanlıq içində gələn kimsə? İstədiyinizi edin! Həqiqətən, O, nə etdiklərinizi görür

41Şübhə yox ki, Zikr onlara gəldiyi zaman onu yalan sayanlar cəzalandırılacaqlar. Həqiqətən, bu, əzəmətli bir Kitabdır

42Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir

43Sənə ancaq səndən əvvəlki elçilərə deyilənlər deyilir. Həqiqətən, sənin Rəbbin bağışlayandır, ağrılı-acılı cəza verəndir

44Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb peyğəmbər?!” De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar sanki uzaq bir yerdən çağırılırlar

45Biz Musaya da Kitab verdik, lakin onun barəsində ixtilaf düşdü. Əgər sənin Rəbbinin öncə buyurduğu Söz olmasaydı, onların arasında hökm verilmiş olardı. Həqiqətən, kafirlər onun barəsində anlaşılmaz bir şübhə içindədirlər

46Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sənin Rəbbin qullara zülm edən deyildir

47O Saat haqqında bilgi yalnız Ona məxsusdur. Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə olmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz. O gün Allah onları çağırıb: “Şəriklərim haradadır?”– deyəcəkdir. Onlar da: “Biz Sənə bildirdik ki, aramızda heç bir şahid yoxdur!”– deyəcəklər

48Əvvəllər tapındıqları bütlər onları qoyub gedəcək və onlar özləri üçün bir qurtuluş yeri olmadığını yəqin edəcəklər

49İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər

50Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən o Saatın gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq

51İnsana nemət verdiyimiz zaman üz çevirib haqdan uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar

52De: “Bir deyin görək, əgər Quran Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, bunu necə başa düşmək olar?! Elə isə haqdan uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər

53Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil

54Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath