İslam
geri

37. Əs-Saaffat

1And olsun göylərdə və yerdə səf-səf duranlara

2imansızları qətiyyətlə qovanlara

3və Zikri oxuyanlara

4Həqiqətən, sizin məbudunuz Təkdir

5O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir

6Biz dünya səmasını parlaq ulduzlarla bəzədik

7və onu hər bir asi şeytandan mühafizə etdik

8Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar

9və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir

10Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər

11Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq

12Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar

13Onlara xatırlatdıqda düşünüb ibrət almırlar

14Bir möcüzə gördükdə isə ona istehza edir

15və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir

16Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi

17Ya da atalarımızmı dirildiləcəklər?”

18De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”

19Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar

20Günahkarlar deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”

21Onlara deyiləcək: “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!”

22Mələklərə belə əmr olunacaq: “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –

23Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin

24Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”

25Günahkarlara deyiləcək: “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”

26Bəli, onlar bu gün baş əyəcəklər

27Onlar bir-birinə üz tutub soruşacaqlar

28Tabe olanlar deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz”

29Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz

30Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz

31Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz əzabı hökmən dadacağıq

32Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”

33Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar

34Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik

35Çünki onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!”– deyildikdə təkəbbür göstərir

36və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?”

37Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi

38Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız

39Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız

40Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadırlar

41Məhz onlar üçün müəyyən bir ruzi vardır –

42Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir –

43Nəim bağlarında

44Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar

45Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır

46Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab

47O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar

48Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qaragözlü hurilər olacaqdır

49Özü də qorunub saxlanılmış yumurta kimi hurilər

50Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar

51Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi

52O deyirdi: “Sən də inananlardansan

53Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?”

54O sözünə davam edib deyəcək: “Siz onun harada olduğunu görmək istəyirsinizmi?”

55O özü baxıb yoldaşını Cəhənnəmin ortasında görəcək

56və deyəcəkdir: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin

57Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım

58Doğrudanmı biz bir daha ölməyəcəyik –

59ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?”

60Həqiqətən, bu, böyük uğurdur

61Qoy çalışanlar bunun üçün çalışsınlar

62Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı

63Biz onu zalımlar üçün bir sınaq etdik

64O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır

65Onun meyvəsi şeytanların başları kimidir

66Günahkarlar ondan yeyib qarınlarını dolduracaqlar

67Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir

68Sonra onlar mütləq Cəhənnəmə qaytarılacaqlar

69Həqiqətən, onlar ata-babalarını azmış gördülər

70özləri də tez-tələsik onların izini tutub getdilər

71Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü

72Biz onlara xəbərdar edən peyğəmbərlər göndərmişdik

73Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu

74Yalnız Allahın seçilmiş səmimi qullarından başqa

75Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik

76Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq

77Təkcə onun nəslini qoruyub saxladıq

78Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq

79aləmlər içərisində Nuha salam olsun

80Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq

81Həqiqətən, o Bizim mömin qullarımızdandır

82Sonra o birilərini suya qərq etdik

83Həqiqətən, İbrahim onun ardıcıllarından idi

84Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi

85Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz

86Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz

87Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?”

88O, ulduzlara bir nəzər salaraq

89“Mən xəstəyəm!”– dedi

90Onlar ondan üz çevirib çıxıb getdilər

91O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz

92Sizə nə olub ki, danışmırsınız?”

93Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi

94Bütpərəstlər tələsik onun yanına gəldilər

95O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz

96Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”

97Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!”

98Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik

99O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”

100O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!”

101Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik

102O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən”

103Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman

104Biz onu çağırıb dedik: “Ey İbrahim

105Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq

106Həqiqətən də bu, açıq-aydın bir imtahandır

107Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik

108Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq

109İbrahimə salam olsun

110Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq

111Həqiqətən, o, Bizim mömin qullarımızdandır

112Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik

113Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də

114Biz Musa ilə Haruna da nemət bəxş etdik

115Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq

116Onlara kömək göstərdik və qalib gəldilər

117Hər ikisinə aydın bir Kitab verdik

118Hər ikisini də doğru yola yönəltdik

119Sonradan gələnlər arasında hər ikisinə gözəl xatirə qoyduq

120Musaya və Haruna salam olsun

121Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq

122Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır

123Şübhəsiz ki, İlyas da elçilərdəndir

124Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz

125Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız –

126həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı tərk edirsiniz?”

127Onlar onu yalançı saydılar. Ona görə də hamısı Cəhənnəmə gətiriləcəkdir

128Yalnız Allahın seçilmiş səmimi qullarından başqa

129Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq

130İlyasinə salam olsun

131Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq

132Həqiqətən, o Bizim mömin qullarımızdandır

133Şübhəsiz ki, Lut da elçilərdəndir

134Bir zaman Biz onu və bütün ailəsini xilas etdik

135Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa

136Sonra da o birilərini yerli-dibli yox etdik

137Siz həm səhər çağı onların yanından keçirsiniz

138həm də axşam çağı. Məgər anlamırsınız

139Yunus da, həqiqətən, elçilərdəndir

140Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı

141Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu

142O, qınanmağa layiq olduqda balıq onu uddu

143Əgər o, Allaha tərif deyənlərdən olmasaydı

144balığın qarnında Qiyamət gününə qədər qalardı

145O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq

146Onun başı üstündə balqabaq tağı bitirdik

147Biz onu yüz mindən də daha çox adama peyğəmbər göndərdik

148Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik

149Kafirlərdən soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?”

150Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar

151Həqiqətən, onlar yalan uydurub deyirlər

152“Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar

153Məgər Allah qızları oğlanlardan üstünmü tutmuşdur

154Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz

155Məgər düşünüb ibrət almayacaqsınız

156Yoxsa sizin aydın bir dəliliniz vardır

157Əgər doğru deyirsinizsə, kitabınızı gətirin

158Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların Cəhənnəmə gətiriləcəyini bilirlər

159Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır

160Yalnız Allahın seçilmiş səmimi qullarından başqa

161Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız

162heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz

163ancaq Cəhənnəmə girəcək kimsədən başqa

164Mələklər dedi: “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır

165Həqiqətən, biz səf-səf dururuq

166Həqiqətən, biz Allahın şəninə təriflər deyirik”

167Müşriklər deyirdilər

168“Əgər bizdə də əvvəlkilərdə olan zikrdən olsaydı

169biz mütləq Allahın seçilmiş səmimi qulları olardıq”

170Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər

171Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi

172“Həqiqətən, onlara kömək göstəriləcəkdir

173Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”

174Sən bir müddət onlardan üz çevir

175Onlara bax! Onlar tezliklə əzabı görəcəklər

176Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər

177Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq

178Sən bir müddət onlardan üz çevir

179Onlara bax! Onlar tezliklə əzabı görəcəklər

180Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır

181Elçilərə salam olsun

182Aləmlərin Rəbbi olan Allaha həmd olsun

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath