35. Faatir
1Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir
2Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Müdrikdir
3Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz
4Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əvvəl də elçilər yalançı hesab olunmuşdu. Bütün işlər ancaq Allaha qaytarılacaqdır
5Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan şeytan da sizi yoldan çıxartmasın
6Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır
7Kafirlər üçün şiddətli əzab tədarük edilmişdir. İman gətirib yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat hazırlanmışdır
8Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, doğru yolla gedən kimsə eyni ola bilərmi? Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini bilir
9Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz onları ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla canlandırırıq. Diriltmə də belə olacaqdır
10Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr də boşa çıxacaqdır
11Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır
12İki dəniz eyni deyildir. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür
13O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər
14Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz
15Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir
16Əgər istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gətirər
17Bu, Allah üçün çətin deyildir
18Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən Onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır
19Kor ilə görən eyni deyildir
20zülmətlərlə nur da
21kölgə ilə bürkü də eyni deyildir
22Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən
23Sən ancaq qorxudub xəbərdar edənsən
24Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın
25Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər
26Sonra Mən haqqı inkar edənləri yaxaladım. Görəydin Mənim onları həlak etməyim necə oldu
27Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi? Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik
28İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır
29Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər ki
30Allah onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir
31Sənə vəhy etdiyimiz Kitab, özündən əvvəlkiləri təsdiqləyici kimi gələn haqdır. Həqiqətən, Allah Öz qullarından Xəbərdardır, Görəndir
32Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur
33Onlar Ədn bağlarına daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır
34Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir
35Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!”
36Kafirləri isə Cəhənnəm odu gözləyir. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq
37Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kömək edən olmaz”
38Şübhəsiz ki, Allah göylərin və yerin qeybini Biləndir. O, kökslərdə olanları da Bilir
39Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz əleyhinə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qəzəbi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey artırmaz
40De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər
41Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır
42Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə qorxudan bir peyğəmbər gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı
43Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən
44Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və hər şeyə Qadirdir
45Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah Öz qullarını görür
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath