30. Ar-Otaq
1Əlif. Ləm. Mim
2Rumlular məğlub edildilər
3ən aşağı (və ya ən yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar
4bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər
5Allahın köməyi ilə. O, istədiyinə kömək edir. O, Qüdrətlidir, Rəhmlidir
6Budur Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bunu bilmir
7Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər
8Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddətə qədər yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir
9Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allah zülm etmirdi. Onlar özləri özlərinə zülm etmişdilər
10Sonra isə Allahın ayələrini yalan sayıb onlara lağlağı etməklə pislik göstərənlərin nəsibi lap yaman oldu
11Allah məxluqatı əvvəlcə heçdən yaradır, öldürdükdən sonra onu yenidən dirildir. Bundan sonra isə siz Ona qaytarılacaqsınız
12O Saatın gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər
13Allaha qoşduqları şəriklərindən onlar üçün şəfaətçilər olmayacaq. Şərikləri onları inkar edəcəklər
14Məhz o Saatın gələcəyi gün möminlərlə kafirlər ayrılacaqlar
15İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar
16Kafir olub ayələrimizi və axirətə düşəcəklərini yalan sayanlar isə əzaba giriftar ediləcəklər
17Odur ki, siz axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin
18Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də Onun şərəfinə təriflər deyin
19O, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də qəbirlərinizdən belə dirildilib çıxardılacaqsınız
20Allahın sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir insan kimi yer üzünə yayıldınız
21Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır
22Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır
23Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən kəslər üçün ibrətamiz dəlillər vardır
24Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən adamlar üçün ibrətamiz dəlillər vardır
25Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız
26Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir
27Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir
28O sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünüb daşınan insanlar üçün belə müfəssəl izah edirik
29Lakin haqsızlıq edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz
30Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir
31Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın
32O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini üstün bilib sevinir
33İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar. Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur
34Bu ona görədir ki, Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər. Hələlik əylənin! Tezliklə biləcəksiniz
35Məgər Biz onlara müşrik olmalarını söyləyən bir dəlil göndərmişik
36İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər
37Məgər onlar görmürlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istədiyininkini də azaldır? Həqiqətən, bunda iman gətirən adamlar üçün ibrətlər vardır
38Qohum-əqrəbaya, yoxsula və müsafirə onlara çatacaq haqqını ver! Allahın Üzünü diləyənlər üçün bu daha xeyirlidir. Uğur qazananlar da elə məhz onlardır
39İnsanların var-dövləti sayəsində artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın Üzünü diləyərək verdiyiniz zəkata gəlincə, bilin ki, bunu edənlər mallarının bərəkətini qat-qat artıranlardır
40Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, heç olmazsa, birini edə bilən varmı? O, pakdır və müşriklərin Ona şərik qoşduqlarından ucadır
41İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar
42De: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu Allaha şərik qoşanlar idi”
43Qarşısıalınmaz gün Allah tərəfindən göndərilməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut! O gün onlar iki dəstəyə bölünəcəklər
44Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün Cənnətdə yer hazırlamış olarlar
45Bu ona görədir ki, Allah iman gətirib yaxşı işlər görənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevmir
46Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, Onun lütfünü arayasınız və sizə verdiyi nemətlərə şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Onun dəlillərindəndir
47Biz səndən əvvəl də onların qövmünə elçilər göndərmişdik. Elçilər onlara açıq-aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuz idi
48Buludları qaldıran küləkləri Allahdır göndərən. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən onlardan yağış töküldüyünü görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinirlər
49Halbuki o yağış onların üzərinə yağdırılmazdan əvvəl ümidsiz idilər
50Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir
51Əgər Biz bir külək göndərsək və onlar əkini saralmış görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar
52Şübhəsiz ki, sən nə ölülərə haqqı, nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən
53Sən korları da düşdükləri zəlalətdən çıxarıb düz yola sala bilməzsən. Sən haqqı yalnız və yalnız müsəlman olub ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən
54Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir
55O Saatın gəldiyi gün günahkarlar dünyada bircə saat qaldıqlarına and içəcəklər. Onlar dünyada da haqdan belə üz döndərirdilər
56Bilik və iman nəsib edilmiş kimsələr isə deyəcəklər: “Siz orada Allahın yazısı ilə Dirilmə gününə qədər qaldınız. Bu gün, məhz Dirilmə günüdür, lakin siz bunu bilmirdiniz”
57Həmin gün zalımlara bəhanələri fayda verməyəcək və onlardan tövbə etmələri tələb olunmayacaqdır
58Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir möcüzə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!”– deyəcəklər
59Allah haqqı bilməyənlərin qəlbini belə möhürləyir
60Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy axirətə yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath