27. Ən-Nəml
1Ta. Sin. Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir
2Möminlərə doğru yol göstəricisi və müjdədir
3O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar
4Həqiqətən, Axirətə iman gətirməyənlərin bəd əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar azğınlıqları üzündən heç nə anlamadan yer üzündə veyllənirlər
5Bunlar əzabı ağır olacaq kimsələrdir; Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır
6Həqiqətən, sən Quranı Müdrik və Bilən Allahdan alırsan
7Bir zaman Musa öz ailəsinə: “Mən, doğrudan da, bir od gördüm. Qoy gedib ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız”– demişdi
8Musa oraya gəlib çatanda ona nida gəldi: “Odun içindəki də, ətrafındakı da mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir
9Ey Musa! Qüdrətli, Müdrik Allah Mənəm
10Əsanı yerə at!” Musa onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. Allah dedi: “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar
11Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, bilsin ki, Mən Bağışlayanam, Rəhmliyəm
12Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri budur. Həqiqətən, onlar fasiq bir tayfadır!”
13Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedilər
14Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu
15Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”
16Süleyman Davuda peyğəmbərlikdə varis oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, bizə göstərilən açıq-aşkar üstünlükdür”
17Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplanıldı. Onlar müntəzəm şəkildə yerbəyer edildilər
18Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər”
19Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!”
20Süleyman quşları nəzərdən keçirib dedi: “Hüdhüdü nə üçün görmürəm? Yoxsa o burada yoxdur
21O, ya mənə aşkar bir dəlil gətirməlidir, ya da mən ona şiddətli bir əzab verməliyəm və yaxud da tutub boğazını üzməliyəm”
22Çox keçmədən hüdhüd gəlib dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm
23Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm
24Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları haqq yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər
25Şeytan ona görə belə etmişdir ki, göylərdə və yerdə gizli olanı aşkara çıxardan, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allaha səcdə etməsinlər
26Böyük Ərşin Rəbbi olan Allahdan başqa ibadətə layiq olan məbud yoxdur”
27Süleyman dedi: “Baxaq görək, sən doğru deyirsən, yoxsa yalançılardansan
28Mənim bu məktubumu apar onların yanına at. Sonra bir qədər uzaqda dur və bax gör nə cavab verəcəklər!”
29Qadın dedi: «Ey əyanlar! Mənə çox əhəmiyyətli bir məktub atıldı
30O məktub Süleymandandır və onda deyilir: “Mərhəmətli və Rəhmli Allahın adı ilə
31Mənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman olaraq gəlin!”»
32Qadın dedi: “Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin. Mən heç vaxt siz yanımda olmayınca qəti qərar verməmişəm”
33Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün fikirləş!”
34Qadın dedi: Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman onu viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər
35Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə ilə qayıdacaqlar
36Elçilər Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə bəxş etdiyi sizin verdiyinizdən daha yaxşıdır. Siz isə ancaq öz bəxşişlərinizlə fərəhlənirsiniz
37Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!”
38Süleyman dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?”
39Cinlərdən çox qüvvətli birisi dedi: “Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!”
40Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!”
41Süleyman dedi: “Onun taxtını tanınmaz hala salın, görək onu tanıyacaq və ya tanımayanlardan olacaq?”
42Qadın gəldikdə ona: “Taxtın bu cürdürmü?”– deyildi. O dedi: “Deyəsən odur!” Süleyman dedi: “Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!”
43Allahdan başqa tapındığı şeylər o qadını tövhiddən yayındırmışdır. Çünki o, kafir bir tayfadan idi
44Qadına: “Saraya daxil ol!”– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. Süleyman dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” Qadın dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!”
45Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi elçi göndərdik. Onlar isə bir-biri ilə mübarizə aparan iki firqəyə bölündülər
46O dedi: “Ey camaatım! Nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz? Ola bilsin ki, sizə rəhm oluna”
47Onlar dedilər: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq”. Saleh dedi: “Sizin uğursuzluğunuz Allah yanındadır. Siz sınağa çəkilən bir qövmsünüz”
48Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər
49Onlar dedilər: “Bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”
50Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər
51Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik
52Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən adamlar üçün ibrət vardır
53İman gətirib Allahdan qorxanları isə xilas etdik
54Lutu da yada sal. Bir zaman o öz qövmünə demişdi: “Gözünüz görə-görə murdar işmi görəcəksiniz
55Siz qadınları qoyub şəhvətlə kişilərin yanınamı gedəcəksiniz? Yox, siz cahil bir qövmsünüz!”
56Qövmünün cavabı isə ancaq: “Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!”– demələri oldu
57Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun arvadının geridə qalanlardan olmasına qərar verdik
58Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş
59De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız
60Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan yayınan adamlardır
61Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onların əksəriyyəti bunu bilmirlər
62Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz
63Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır
64Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”
65De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər
66Həm də onların elmi axirəti qavrayıb dərk edə bilməz. Üstəlik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar”
67Kafirlər dedilər: “Məgər biz və atalarımız torpağa qarışdıqdan sonra qəbirlərdən çıxardılacağıq
68Bu dirilmə həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin uydurduğu əfsanələrindən başqa bir şey deyildir”
69De: “Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur”
70Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də ürəyini sıxma
71Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər
72De: “Ola bilsin ki, tələsik istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır”
73Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti naşükürdürlər
74Şübhəsiz ki, sənin Rəbbin onların qəlblərinin gizli saxladıqlarını və onların aşkar etdiklərini bilir
75Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın
76Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin çoxunu anlatmaqdadır
77Həqiqətən, o, möminlərə doğru yol göstəricisi və bir mərhəmətdir
78Şübhəsiz ki, sənin Rəbbin onların arasında Öz hökmünü verəcəkdir. O, Qüdrətlidir, Biləndir
79Sən yalnız Allaha təvəkkül et! Çünki sən açıq-aydın haqq yoldasan
80Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən
81Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən haqqı yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən
82O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər
83Həmin gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə məhşərə sürüklənərlər
84Nəhayət haqq-hesab yerinə gəldikləri zaman Allah deyər: “Ayələrimi başa düşmədiyiniz halda, onları yalanmı saydınız? Bəs siz nə iş görürdünüz?”
85Zülm etdiklərinə görə o söz onları haqlayacaq və onlar danışa bilməyəcəklər
86Məgər onlar görmürlərmi ki, Biz gecəni onların həmin vaxt istirahət etməsi üçün yaratmış, gündüzü isə işıqlı etmişik? Şübhəsiz ki, bunda iman gətirən adamlar üçün dəlillər vardır
87Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir
88Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır
89Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar
90Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara deyilər: “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?”
91De: “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O şəhər ki, Rəbbim onu haram buyurmuşdur. Hər şey yalnız Onundur. Mənə əmr olunub ki, müsəlman olum
92və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. Haqq yoldan azana isə belə de: “Mən ancaq xəbərdar edənlərdənəm!”
93De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin sizin etdiyiniz əməllərdən xəbərsiz deyildir!”
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath