26. Əş-Şüəra
1Ta. Sin. Mim
2Bunlar aydın Kitabın ayələridir
3Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən
4Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi
5Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər
6Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir
7Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər
8Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı
9Bəli, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
10Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –
11Firon xalqının yanına! Onlar qorxmurlarmı?”
12Musa dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr
13belə olduqda ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da vəhy göndər
14Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”
15Allah dedi: “Xeyr, bu mümkün deyil! İkiniz də möcüzələrimizlə onların yanına gedin! Şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik
16Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik
17İsrail oğullarını bizimlə birgə burax!”
18Firon dedi: “Biz səni körpə ikən götürüb saxlayıb boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı
19Elədiyin pis əməli də elədin. Doğrudan da, sən bir nankorsan!”
20Musa dedi: “Mən onu edəndə nadan olmuşam
21Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi
22Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etməyindir”
23Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
24Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
25Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşitmirsinizmi?”
26Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
27Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
28Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
29Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!”
30Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”
31Firon dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”
32Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi
33Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu
34Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır
35O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”
36Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki
37bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”
38Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar
39Camaata deyildi: “Siz də yığışırsınızmı
40Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”
41Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”
42Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm”
43Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”
44Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər
45Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu
46Sehrbazlar səcdəyə qapandılar
47və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –
48Musanın və Harunun Rəbbinə!”
49Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”
50Onlar dedilər: “Zərər yox, biz onsuz da öz Rəbbimizə qayıdacağıq
51Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”
52Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”– deyə vəhy etdik
53Firon şəhərlərə əsgər toplayanlar göndərdi
54O dedi: “Bunlar kiçik bir dəstədir
55Onlar bizi qəzəbləndirmişlər
56Biz hamımız ayıq-sayıq olmalıyıq”
57Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq
58xəzinələrdən və gözəl yerlərdən də qovduq
59Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik
60Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar
61İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər
62Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”
63Biz Musaya: “Əsanla dənizə vur!”– deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu
64O birilərini də ora yaxınlaşdırdıq
65Musa və onunla birlikdə olanların hamısını xilas etdik
66O birilərini isə suya qərq etdik
67Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi
68Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
69Onlara İbrahimin əhvalatını da oxu
70Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?”– demişdi
71Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”
72O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi
73Yaxud sizə xeyir və ya zərər verirlərmi?”
74Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”
75O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –
76həm siz, həm də ulu babalarınız
77Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir
78O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir
79O Rəbb ki, məni yedirdir və içirdir
80O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir
81O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir
82O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram
83Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur
84Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə
85Məni Nəim bağının varislərindən et
86Atamı bağışla! Çünki o, azanlardandır
87Onların dirildiləcəyi gün məni rüsvay etmə
88O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək
89Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
90Cənnət müttəqilərə yaxınlaşdırılar
91Cəhənnəm də azğınlara göstərilər
92Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz –
93Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”
94Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar
95İblisin bütün əsgərləri də habelə
96Onlar orada höcətləşərək deyərlər
97“Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
98o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq
99Bizi ancaq günahkarlar azdırdı
100İndi isə bizim nə şəfaətçilərimiz
101nə də bizə canıyanan bir dostumuz var
102Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!”
103Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi
104Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
105Nuh tayfası da elçiləri yalançı saydı
106O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz
107Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm
108Allahdan qorxun və mənə itaət edin
109Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
110Allahdan qorxun və mənə itaət edin!”
111Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”
112Nuh dedi: “Mən onların nə etdiklərini bilmirəm
113Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz
114Mən iman gətirənləri qovan deyiləm
115Mən yalnız açıq-aşkar bir qorxudanam”
116Onlar dedilər: “Ey Nuh! Əgər dəvətinə son qoymasan, mütləq daşqalaq ediləcəksən”
117Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi
118Mənimlə onların arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri əzabdan qurtar!”
119Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik
120Yerdə qalanları isə suya qərq etdik
121Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi
122Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
123Ad tayfası da elçiləri yalançı saydı
124O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz
125Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm
126Allahdan qorxun və mənə itaət edin
127Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
128Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)
129Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz
130Bir kəsi yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı
131Allahdan qorxun və mənə itaət edin
132Bildiyiniz nemətləri sizə verəndən qorxun
133O sizə heyvanat və oğul-uşaq verdi
134üstəlik bağlar və çeşmələr də əta etdi
135Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”
136Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir
137Bu, yalnız və yalnız əvvəlkilərin adətidir
138Biz əzaba düçar olan da deyilik”
139Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi
140Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
141Səmud tayfası da elçiləri yalançı saydı
142O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz
143Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm
144Allahdan qorxun və mənə itaət edin
145Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
146Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız
147Bağlar və bulaqlar içində
148əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız
149Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz
150Allahdan qorxun və mənə itaət edin
151Həddi aşanların əmrinə tabe olmayın
152Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər”
153Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən
154Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”
155Saleh dedi: “Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz)
156Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”
157Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular
158Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi
159Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
160Lut tayfası da elçiləri yalançı saydı
161O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz
162Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm
163Allahdan qorxun və mənə itaət edin
164Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
165Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
166və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”
167Onlar dedilər: “Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
168O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm
169Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”
170Biz onu və onun bütün ailəsini xilas etdik
171Geridə qalanlar arasındakı yaşlı qadından başqa
172Sonra da o birilərini darmadağın etdik
173Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş
174Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi
175Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
176Əykə əhli də elçiləri yalançı saydı
177O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz
178Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm
179Allahdan qorxun və mənə itaət edin
180Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
181Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın
182Düz tərəzi ilə çəkin
183İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin
184Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”
185Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən
186Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan biri hesab edirik
187Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”
188Şueyb dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”
189Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi
190Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi
191Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir
192Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir
193Onu sadiq Ruh (Cəbrail) endirdi –
194sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan
195Bu Quran açıq-aydın ərəb dilində nazil edildi
196Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır
197Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi
198Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik
199və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər
200Biz küfrü günahkarların qəlbinə belə salarıq
201Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar
202O əzab onlara özləri də hiss etmədən qəflətən gələcəkdir
203Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”
204Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər
205Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək
206sonra vəd olunduqları əzab onlara yetişsə
207onlara nəsib olmuş firavanlıq əzabımızı onlardan dəf edə bilməz
208Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik
209Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün göndərdik. Biz əsla zalım olmamışıq
210Quranı şeytanlar endirmədi
211Onlar buna layiq deyildirlər və bunu bacara da bilməzlər
212Çünki onlar vəhyə qulaq asmaqdan kənar edilmişdilər
213Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan
214Ən yaxın qohumlarını qorxut
215Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)
216Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”
217Qüdrətli və Rəhmli olana təvəkkül et
218O səni namaza duranda da görür
219səcdə edənlər içində hərəkət edəndə də
220Həqiqətən də, O, Eşidəndir, Biləndir
221Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi
222Onlar hər bir yalançıya və günahkara nazil olarlar
223Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır
224Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar
225Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)
226və etmədikləri şeylərə aid söhbət açırlar
227Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath