İslam
geri

25. Əl-Furqan

1Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır

2Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir

3Kafirlər isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər

4Kafirlər: “Bu, Muhəmmədin uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər”– dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər

5Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları başqasına yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur”– dedilər

6De: “Onu göylərdə və yerdə olan sirləri bilən Allah nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!”

7Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi

8Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?” Zalımlar: “Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz”– dedilər

9Gör sənə aid hansı məsəlləri çəkdilər! Onlar haqq yoldan azdılar və bir daha o yolu tapa bilməyəcəklər

10İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, ağacları altından çaylar axan Cənnət bağlarını yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah necə də xeyirxahdır

11Lakin onlar Qiyamət Saatını da yalan saydılar. Biz də onu yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq

12Onlar Cəhənnəm odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər

13Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər

14Onlara deyilər: “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!”

15De: “Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən Əbədiyyət bağı?”

16Onlardan ötrü orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü və yerinə yetirilməsi arzu olunan bir vəddir

17O gün Allah onları və onların Allahdan başqa sitayiş etdiklərinin hamısını məhşər ayağında cəm edərək deyəcək: “Mənim bu qullarımı haqq yoldan sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?”

18Onlar deyəcəklər: “Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir zümrəyə çevrildilər”

19Kafirlərə deyiləcəkdir: “Onlar sizin dediklərinizi təkzib etdilər. Artıq siz nə əzabı özünüzdən dəf edər, nə də başqa bir əlacınız qalmamışdır. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq”

20Səndən öncəki elçilərimiz də yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, görək səbir edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir

21Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər

22Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. Mələklər deyəcəklər: “Cənnətə girməyiniz qadağandır, qadağan!”

23Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik

24Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır

25Həmin gün göy buludla parçalanacaq və mələklər yerə endiriləcəkdir

26Həmin gün gerçək hökm vermək ancaq Mərhəmətli Allaha məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır

27Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim

28Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım

29Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır

30Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək

31Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı kimi Rəbbin sənə yetər

32Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə ayəbəayə izah etdik

33Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək

34Üzüstə sürüklənib Cəhənnəmə toplanılacaq kimsələr – məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kimsələrdir

35Həqiqətən, Kitabı Musaya Biz verdik və qardaşı Harunu da ona köməkçi etdik

36Onlara: “Ayələrimizi yalan sayan bir tayfanın yanına gedin!”- dedik. Sonra Biz o tayfanı yerli-dibli yox etdik

37Biz Nuh qövmünü elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq

38Biz Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də məhv etdik

39Biz onların hamısına misallar çəkdik və onların hamısını büsbütün məhv etdik

40Məkkə müşrikləri bəla yağmuru düşüb viran qalmış şəhərin yanından keçmişdilər. Məgər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə də inanmırlar

41Onlar səni gördükdə ancaq sənə lağ edir və deyirlər: “Budurmu Allahın elçi göndərdiyi kəs

42Əgər biz məbudlarımıza tapınmaqda səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını anlayacaqlar

43Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən

44Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar

45Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun bələdçisi etdik

46Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik

47Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur

48Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki

49onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvanlara və neçə-neçə insanlara ondan içirdək

50Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədilər

51Əgər istəsəydik, hər kəndə qorxudan bir peyğəmbər göndərərdik

52Belə olduqda sən kafirlərə baş əymə və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et

53Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur

54Sudan insan yaradan, ona qan qohumları və sonradan qohum olanları bəxş edən Odur. Rəbbin hər şeyə Qadirdir

55Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə sitayiş edirlər. Kafir öz Rəbbinə qarşı şeytana köməkçidir

56Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik

57De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar”

58Ölməz, əbədi Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdir

59O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, Mərhəmətli Allahdır. Bunu biləndən soruş

60Onlara: “Mərhəmətli Allaha səcdə edin!”– deyildikdə: “Mərhəmətli Allah nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?”– deyərlər. Bu da onların nifrətini artırar

61Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay yaradan Allah nə qədər xeyirxahdır

62Yada salmaq və şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Odur

63Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!”– deyərlər

64Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər

65Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir

66Həqiqətən, ora nə pis məskən, necə də pis iqamətgahdır!”

67Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar

68Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar

69Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar

70Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir

71Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar

72Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər

73Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar

74Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”

75Onlar səbir etdiklərinə görə Cənnətdə olan yüksək məqamla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar

76Onlar orada əbədi qalacaqlar. Ora nə gözəl məskən, necə də gözəl iqamətgahdır

77De: “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath