İslam
geri

23. Əl-Muminun

1Möminlər, həqiqətən də, nicat tapmışlar

2o kəslər ki, namazlarında mütidirlər

3o kəslər ki, sözbazlıqdan qaçırlar

4o kəslər ki, zəkat verirlər

5o kəslər ki, öz cinsi orqanlarını həmişə qoruyurlar

6zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar

7Bundan artığına can atanlar isə həddi aşanlardır

8O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar

9O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar

10Məhz onlar – varis olanlardır

11O kəslər ki, Firdovs cənnətinə varis olacaqlar. Onlar orada əbədi qalacaqlar

12Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq

13Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik

14Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır

15Şübhəsiz ki, bundan sonra siz mütləq öləcəksiniz

16Sonra da Qiyamət günü dirildiləcəksiniz

17Biz sizin üstünüzdə yeddi göyü yaratdıq. Məxluqatımızdan da xəbərsiz olmamışıq

18Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu yox edə də bilərik

19Sonra həmin su ilə xurma ağaclarını və üzüm bağlarını sizin üçün yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır

20Biz Sina dağında bir ağac bitirdik ki, barından yeyənlərə həm yağ, həm də həm şirə verir

21Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda başqa faydalar da var. Üstəlik onlardan yeyirsiniz də

22Siz həm o heyvanlarla, həm də gəmilərlə daşınırsınız

23Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”

24Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik

25Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!”

26O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”

27Biz ona vəhy etdik: “Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt erkək və dişi, barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olunacaqlar

28Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de: “Bizi zalım adamlardan xilas edən Allaha həmd olsun!”

29Həmçinin de: “Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!”

30Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz qullarımızı beləcə sınağa çəkirik

31Onlardan sonra isə başqa bir nəsil yaratdıq

32Onlara da özlərindən bir elçi göndərdik. O dedi: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”

33Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir

34Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız

35O sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra dirildilib yenidən çıxarılacağınızımı vəd edir

36Sizə vəd olunan şey həqiqətdən çox uzaqdır, çox uzaq

37Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik

38Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”

39O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”

40Allah dedi: “Onlar tezliklə peşman olacaqlar!”

41Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar

42Onlardan sonra başqa-başqa nəsillər yaratdıq

43Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar

44Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyənlər

45Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik –

46Fironun və onun əyanlarının yanına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan adamlar idilər

47Onlar dedilər: “Bunların tayfası bizə kölə olduğu halda, biz özümüz kimi iki adama inanacağıq?”

48Beləliklə, onları yalançı saydılar və həlak edilənlərdən oldular

49Biz Musaya Kitab verdik ki, bəlkə onlar doğru yola yönəlsinlər

50Biz Məryəm oğlunu və onun anasını bir möcüzə etdik. Onları əlverişli bir yerdə, çeşmə axan bir təpədə yerləşdirdik

51Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm

52Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun

53Lakin ümmətlər öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir

54Sən onları bir müddət öz cəhaləti içində burax

55Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə

56onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar

57Həqiqətən, Rəbbinin qorxusundan əsim-əsim əsənlər

58Rəbbinin ayələrinə iman gətirənlər

59Rəbbinə şərik qoşmayanlar

60Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbləri qorxa-qorxa yerinə yetirənlər –

61Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər

62Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz

63Lakin onların qəlbi bundan xəbərsizdir. Onların bundan başqa gördükləri başqa pis işləri də vardır

64Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman fəryad qopararlar

65Onlara deyiləcək: “Bu gün fəryad qoparmayın! Qətiyyən, Biz sizə heç bir köməklik göstərməyəcəyik!”

66Ayələrim sizə oxunurdu, siz isə arxa çevirirdiniz

67Həm də onunla (o Kəbə ilə) təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız

68Məgər kafirlər bu Söz haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi

69Yoxsa onlar özlərinə göndərilmiş Elçini tanımayıb buna görə də onu inkar edirlər

70Yaxud: “O cinlidir?”– deyirlər. Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır

71Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər

72Yoxsa sən onlardan bir mükafat istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır

73Sən, həqiqətən də, onları doğru yola çağırırsan

74Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar

75Əgər Biz onlara rəhm edib düşdükləri bəladan xilas etsək, onlar yenə öz azğınlıqları içində sərgərdan gəzəcəklər

76Biz onları əzabla yaxaladıq, onlar yenə öz Rəbbinə boyun əymədilər, Ona yalvarıb-yaxarmadılar

77Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman dərhal ümidsizliyə qapılacaqlar

78Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz

79Sizi yer üzündə yerləşdirən Odur. Siz Onun hüzuruna toplanılacaqsınız

80Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər bunu anlamırsınız

81Xeyr, onlar da əvvəlki ümmətlərin dedikləri kimi dedilər

82Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyik?”

83Bu dirilmə həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil

84De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?”

85Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?”

86De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?”

87Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?”

88De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?”

89Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?”

90Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar

91Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır

92O, qeybi və aşkarı Biləndir. Allah müşriklərin Ona qoşduqları şəriklərdən çox ucadır

93De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı mənə göstərəcəksənsə

94məni zalım adamların içində qoyma, ey Rəbbim!”

95Sözsüz ki, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik

96Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik

97De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram

98Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”

99Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar

100Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardır

101Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar

102O gün məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar

103Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar Cəhənnəmdə əbədi qalacaqlar

104Od onların üzünü yandıracaq. Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar

105Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi

106Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq

107Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də günah işlərə qayıtsaq, həqiqətən də, zalım olarıq”

108Allah buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin

109Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”– deyirdilər

110Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu məsxərə Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz

111Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!”

112Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq

113Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan soruş”– deyəcəklər

114Allah deyəcək: “Siz orada çox az qaldınız. Kaş bunu biləydiniz

115Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?”

116Haqq Hökmdar Allah hər şeydən ucadır! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O, şanlı Ərşin Rəbbidir

117Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar

118De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath