İslam
geri

19. Məryəm

1Kəf. Ha. Yə. Ayn. Sad

2Bu sənin Rəbbinin Öz qulu Zəkəriyyaya göstərdiyi mərhəmətinin yada salınmasıdır

3Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib

4demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam

5Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki

6o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!”

7Ona belə vəhy olundu: “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!”

8O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?”

9Mələk dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”»

10O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. Allah buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!”

11O, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara işarə ilə başa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!”

12Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!”– deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik

13Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da bəxş etdik. O, müttəqi idi

14Həm də ata-anasına qarşı qayğıkeş idi; lovğa və asi deyildi

15Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun

16Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş

17və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu

18Məryəm dedi: “Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma”

19Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”

20Məryəm dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?”

21Mələk dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökmü verilmiş bir işdir”»

22Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi

23Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!”

24Məryəmin aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı

25Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün

26Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”»

27Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan

28Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”

29Məryəm ona işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?”

30Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi

31Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi

32Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi

33Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”

34Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur

35Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar

36İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur”

37Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına

38Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər

39Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər

40Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır

41Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi

42Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən

43Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim

44Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu

45Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”

46Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”

47İbrahim dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır

48Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”

49İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik

50Biz onlara öz mərhəmətimizdən əta etdik və gələcək nəsillər həmişə yada salsın deyə onlara yaxşı ad qismət elədik

51Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi

52Biz Musanı sağ tərəfindəki dağın yaxınlığından çağırdıq və onunla danışıb onu özümüzə yaxın etdik

53Biz Öz mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik

54Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi

55O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı

56Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi

57Biz onu yüksək bir məqama ucaltdıq

58Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, İbrahimin və İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır

59Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar

60Ancaq Allaha tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar

61Bu Cənnət Mərhəmətli Allahın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir

62Onlar orada boş sözlər deyil, ancaq: “Salam!” eşidəcəklər. Orada səhər-axşam onların ruzisi olacaqdır

63Qullarımızdan olan müttəqilər üçün miras edəcəyimiz Cənnət budur

64Mələklər dedi: “Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir”

65O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı

66İnsan soruşar: “Doğrudanmı mən öldükdən sonra qəbirdən diri çıxardılacağam?”

67Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı

68Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik

69Sonra hər firqədən Mərhəmətli Allaha ən çox asi olanı çıxardacağıq

70Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq

71İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır

72Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik

73Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?”

74Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik

75De: “Qoy Mərhəmətli Allah azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”

76Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır

77Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!”– deyən adamı gördünmü

78Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli Allahdan vədə almışdır

79Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq

80Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir

81Müşriklər Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar

82Xeyr! Qiyamət günü o bütlər onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar

83Məgər kafirlərin üstünə onları günaha sövq edən şeytanları göndərdiyimizi görmürsənmi

84Odur ki, onlardan ötrü əzab diləməyə tələsmə. Biz onların günlərini bir-bir sayırıq

85O gün Biz müttəqiləri Mərhəmətli Allahın hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq

86Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq

87Mərhəmətli Allahdan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar

88Kafirlər: “Mərhəmətli Allah özünə övlad götürmüşdür!”– dedilər

89Siz olduqca pis bir iş tutdunuz

90Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –

91Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə

92Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz

93Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək

94Allah onları hesablamış və bir-bir saymışdır

95Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək

96İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq

97Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən

98Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Heç onlardan kiminsə mövcudluğunu hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath