İslam
geri

16. Ən-Nəhl

1Allahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini istəməyin. Allah müşriklərin Ona qoşduqları şəriklərdən uzaqdır və ucadır

2Allah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: “Qullarımı qorxudub xəbərdar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yoxdur. Məndən qorxun!”

3Allah göyləri və yeri gerçək yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır

4Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi

5Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz

6Mal-qaranı axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz

7Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir

8Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır

9Doğru yol göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi

10Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür

11Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır

12O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır

13Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır

14O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür

15O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı

16Əlamətlər yaratdı. İnsanlar ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər

17Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi

18Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir

19Allah sizin gizli saxladıqlarınızı da, aşkara çıxartdıqlarınızı da bilir

20Allahdan başqa tapındıqları bütlər heç bir şey yarada bilməzlər. Çünki onlar özləri yaradılmışlar

21Onlar ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər

22Sizin məbudunuz Tək olan İlahdır. Axirətə inanmayanların qəlbi haqqı inkar edir. Özləri də təkəbbürlüdürlər

23Şübhə yoxdur ki, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, təkəbbürlü olanları sevmir

24Onlardan: “Rəbbiniz peyğəmbərinə nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır!”– deyərlər

25Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir

26Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi

27Sonra Qiyamət günü Allah onları rüsvay edəcək və deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?” Elm verilmiş kimsələr deyəcəklər: “Şübhəsiz ki, bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcək!”

28Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqları zaman onlar boyun əyib: “Biz heç bir pislik etmirdik!”– deyəcəklər. Onlara belə deyiləcək: “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir

29Elə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!”

30Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir nazil etmişdir!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir

31Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır

32O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!”

33Yoxsa kafirlər mələklərin onların yanına gəlməsindən və yaxud Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər

34Onlara törətdikləri əməllərin pis cəzası nəsib oldu və istehza etdikləri əzab onları ağuşuna aldı

35Müşriklər dedilər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da Ondan başqa heç nəyə ibadət etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!” Bəli, onlardan əvvəlkilər də eynilə davranmışdılar. Məgər elçilərin vəzifəsi ancaq aydın təbliğat aparmaq deyilmi

36Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu

37Sən onların doğru yola gəlməsinə nə qədər çalışsan da, bil ki, Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onlara kömək edən də olmaz

38Onlar Allaha möhkəm and içdilər ki: “Allah ölən bir kəsi diriltməyəcəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru vədinə görə olacaq, lakin insanların çoxu bunu bilmirlər

39Allah ölüləri dirildəcəkdir ki, ixtilafda olduqları şeyləri onlara bildirsin və kafirlər də özlərinin yalançı olduqlarını dərk etsinlər

40Biz bir şeyi yaratmaq istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da olur

41Zülmə uğradıldıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl bir məskəndə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər

42Onlar səbirli olanlar və ancaq Rəbbinə təvəkkül edənlərdir

43Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz məhz kişiləri elçi göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun

44Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr

45Alçaq hiylələrə əl atanlar Allahın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi

46Ya da gəzib dolaşdıqları zaman Allahın onları yaxalamayacağınımı düşünürlər? Axı onlar Allahdan yaxa qurtara bilməyəcəklər

47Yaxud vahimə içində olduqları halda Allahın onları yaxalamayacağınımı düşünürlər? Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir

48Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir

49Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar

50Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər

51Allah: “İki məbuda sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!”– dedi

52Göylərdə və yerdə nə varsa, Onundur. Din də daim Ona məxsusdur. Siz Allahı qoyub başqasındanmı qorxursunuz

53Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız

54Bəlanı sizdən sovuşdurduqdan sonra sizlərdən bəziləri Rəbbinə şərik qoşur

55Onlar Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə belə edirlər. Hələlik əylənin! Tezliklə biləcəksiniz

56Onlar özlərinə verdiyimiz ruzidən heç nə dərk etmək qabiliyyətində olmayanlara pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə mütləq sorğu-sual olunacaqsınız

57Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir. Özlərinə isə istədiklərini məxsus edirlər

58Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır

59Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir

60Yaramaz sifət axirətə inanmayanlara xasdır. Ən Uca sifət isə Allaha məxsusdur. O, Qüdrətlidir, Müdrikdir

61Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər

62Onlar özlərinin xoşlamadıqları qızları Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar orada tərk olunacaqlar

63Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə o (kafir) ümmətlərin əməllərini özlərinə gözəl göstərmişdi. Şeytan bu gün də onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır

64Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və bu, mömin adamlar üçün doğru yol göstəricisi və mərhəmət olsun

65Allah göydən yağmur yağdırıb onunla ölmüş yeri diriltdi. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır

66Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik

67Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır

68Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör

69Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır

70Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcəkdir. Sizlərdən bəziləri vaxtilə bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq. Həqiqətən, Allah Biləndir, hər şeyə Qadirdir

71Allah ruzi baxımından birinizi digərindən üstün etmişdir. Üstünlük verilənlər kölələrinə öz ruzilərindən vermirlər ki, bu yöndən bərabər olsunlar. Belə olduğu təqdirdə onlar Allahın nemətini inkarmı edirlər

72Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər

73Müşriklər Allahı qoyub onlara göylərdə və yerdə olan ruzidən heç bir şey verməyən və buna gücləri çatmayan bütlərə ibadət edirlər

74Heç kəsi Allaha oxşatmayın. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz

75Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bunu bilmir

76Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi

77Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir

78Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz

79Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır

80Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyaları və başqa şeylər düzəltdi

81Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah Öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız

82Əgər üz çevirsələr, bil ki, sənin vəzifən ancaq aşkar təbliğat aparmaqdır

83Onlar Allahın neməti haqqında bildikləri halda, sonradan onu inkar edirlər. Onların çoxu kafirdir

84Hər ümmətdən bir şahid göndərəcəyimiz gün, kafirlərə üzrxahlıq etməyə izin verilməyəcək və üzr diləmələri də tələb olunmayacaqdır

85Zalımlar əzab çəkməyə başladıqda, onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir

86Müşriklər Allaha qoşduqları şəriklərini gördükdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa ibadət etdiyimiz şəriklərimizdir!” Bütlər isə onlara: “Şübhəsiz ki, siz yalançısınız!”– deyə cavab qaytaracaqlar

87O gün müşriklər Allaha təslim olduqlarını bildirəcək və uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar

88Kafir olub insanları Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq

89O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik

90Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız

91Allahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir

92İpliyini möhkəm əyirdikdən sonra onu açıb sökən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan sayca və malca daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə mütləq bildirəcəkdir

93Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız

94Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və insanları Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizin üçün axirətdə də böyük bir əzab hazırlanar

95Allahla bağladığınız əhdi ucuz qiymətə satmayın. Əgər bilirsinizsə, Allah yanında olan savab sizin üçün daha xeyirlidir

96Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik

97Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq

98Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın

99Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur

100Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir

101Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən ancaq bir iftiraçısan!”– deyirlər. Halbuki Allah nə nazil etdiyini daha yaxşı bilir. Xeyr! Onların çoxu bunu bilmir

102De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”

103Biz onların: “Quranı ona bir insan öyrədir!”– dediklərini bilirik. Onların istinad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir

104Allahın ayələrinə inanmayanları, əlbəttə ki, Allah doğru yola yönəltməz və onlar üçün ağrılı-acılı bir əzab vardır

105Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar

106Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır

107Bu ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah kafirləri doğru yola yönəltmir

108Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər

109Heç şübhəsiz ki, ziyana uğrayanlar da onlardır

110Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib çətinliklərə dözənləri, bunlardan sonra əlbəttə, Rəbbin Bağışlayandır, Rəhmlidir

111O gün hər kəs öz canını qurtarmağa çalışacaq, hər kəsə etdiyi əməllərin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir

112Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü

113Onlara özlərindən bir elçi gəldi. Onlar isə onu yalançı saydılar. Buna görə də zülm etdikləri zaman əzab onları yaxaladı

114Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin

115O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir

116Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar

117İndi onlar az bir mənfəət əldə etmişlər, axirətdə isə onları ağrılı-acılı bir əzab gözləyir

118Sənə xəbər verdiyimiz şeyləri daha öncə yəhudilərə də haram etmişdik. Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm edirdilər

119Şübhəsiz ki, Rəbbin, avamlıqları üzündən pis iş görən, ondan sonra tövbə edib özlərini islah edənləri, bütün bunlardan sonra, əlbəttə ki, Rəbbin bağışlayacaq və rəhm edəcək

120Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi

121O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi

122Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir

123Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”

124Şənbə günü ancaq o günün barəsində ixtilafa düşənlərə vacib edildi. Şübhəsiz ki, Rəbbin Qiyamət günü, ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir

125İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır

126Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir

127Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma

128Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath