15. Əl-Hicr
1Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir
2Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar
3Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər
4Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdi)
5Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər
6Kafirlər dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən
7Əgər doğru danışanlardansansa, nəyə görə dediyinə şahidlik edə bilən mələkləri bizə gətirmirsən?”
8Biz mələkləri ancaq haqqı bərqərar etmək üçün endiririk. O zaman kafirlərə möhlət verilməz
9Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq
10Biz səndən öncə də əvvəlki millətlərə elçilər göndərmişdik
11Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər
12Beləcə, Biz küfrü günahkarların qəlbinə yeridirik
13Onlar hələ də ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara bəllidir
14Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar
15yenə də inanmayıb: “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik”– deyərdilər
16Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik
17Onları qovulmuş hər bir şeytandan qoruduq
18Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər
19Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik
20Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq
21Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk
22Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Belə olmasaydı, siz onu yığıb saxlaya bilməzdiniz
23Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da Bizik
24Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik
25Həqiqətən, Rəbbin onları bir yerə toplayacaq. Çünki O, Müdrikdir, Biləndir
26Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdıq
27Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq
28Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam
29Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”
30Mələklərin hamısı ona səcdə etdilər
31Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi
32Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?”
33İblis dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
34Allah dedi: “Oradan çıx! Artıq sən qovuldun
35Haqq-hesab gününə qədər sənə lənət olacaqdır”
36İblis dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”
37Allah dedi: “Sən möhlət verilənlərdənsən
38Ancaq məlum vaxtın gününə qədər”
39İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam
40Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”
41Allah dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur
42Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”
43Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir
44Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur
45Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar
46Onlara deyiləcək: “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!”
47Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar
48Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar
49Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm
50Əzabım isə ağrılı-acılı əzabdır
51Onlara İbrahimin qonaqları barəsində də xəbər ver
52O zaman onlar İbrahimin yanına daxil olub: “Salam!”– dedilər. İbrahim: “Biz sizdən ehtiyat edirik!”– dedi
53Mələklər: “Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!”– dedilər
54İbrahim dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”
55Onlar dedilər: “Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma!”
56İbrahim dedi: “Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”
57İbrahim dedi: “Ey elçilər! Vəzifəniz nədir?”
58Onlar dedilər: “Biz günahkar adamları məhv etməyə göndərilmişik
59yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xilas edəcəyik
60Lutun arvadından başqa. Biz onun geridə qalanlardan olmasına qərar verdik”
61Elçilər Lut əhlinin yanına gəldikdə
62o dedi: “Siz yad adamlarsınız!”
63Onlar dedilər: “Xeyr, biz sənin yanına onların şübhə etdiyi əzab ilə gəlmişik
64Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq
65Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın”
66Biz ona vəhy etdik ki, sübh çağı onların kökü kəsiləcək
67Şəhər əhalisi bir-birini muştuluqlayaraq onun yanına gəldilər
68Lut dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin
69Allahdan qorxun və məni hörmətdən salmayın!”
70Onlar dedilər: “Məgər biz sənə bura gələn adamları qonaq saxlamağı qadağan etməmişik?”
71O dedi: “Bunlar mənim qızlarımdır! Əgər istəyirsinizsə, onlarla evlənin!”
72(Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoşluqları içində veyl-veyl gəzirdilər
73Günəş doğanda qorxunc səs onları yaxaladı
74Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq
75Şübhəsiz ki, bunda başa düşənlər üçün dəlillər vardır
76Həqiqətən, onlar Məkkədən Şama gedən yolun üstündə yaşayırdılar
77Şübhəsiz ki, bunda möminlər üçün dəlillər vardır
78Əykə əhli də zalım idi
79Onlardan da intiqam aldıq. Hər iki kənd aydın görünən yol üzərində yerləşirdi
80Hicr əhli də elçiləri yalançı saydı
81Biz onlara ayələrimizi göndərdik, lakin onlar bu ayələrdən üz döndərdilər
82Onlar təhlükəsizlikdə qalmaq üçün dağlarda evlər yonurdular
83Onları sübh çağı qorxunc səs yaxaladı
84Qazandıqları dünya malı isə onlara heç bir fayda vermədi
85Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən onları gözəl tərzdə bağışla
86Həqiqətən, Rəbbin Yaradandır, Biləndir
87Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik
88Onların bəzi təbəqələrinə verdiyimiz fani dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran
89və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!”
90Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik
91Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər)
92Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq –
93törətdikləri əməllər barəsində
94Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir
95Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik
96O kəslər ki, Allaha başqa məbudu şərik qoşurlar. Onlar tezliklə biləcəklər
97Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik
98Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol
99Sənə ölüm gələnədək Rəbbinə ibadət et
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath