11. Hud
1Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır
2Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən Onun tərəfindən sizi xəbərdar edən və müjdələyənəm
3Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər Ondan üz çevirsəniz, bilin ki, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram
4Siz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir
5Baxın, onlar ürəklərini qısırlar (küfrü ört-basdır edirlər) ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir
6Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)
7Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur. Əgər sən: “Siz öləndən sonra diriləcəksiniz!”– desən, kafir olanlar: “Bu, açıq-aydın bir sehrdir!”– deyərlər
8Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: “Onu saxlayan nədir?”– deyəcəklər. Xəbəriniz olsun ki, əzab onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri o əzab onları bürüyəcəkdir
9Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar
10Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!”– deyər və sevinib lovğalıq edər
11Səbir edib yaxşı işlər görənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır
12Onların: “Nə üçün ona bir xəzinə endirilməyib yaxud onunla bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır
13Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, Ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!”
14Əgər sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Siz müsəlman olacaqsınızmı
15Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər
16Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar
17Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ardınca Ondan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl rəhbər və mərhəmət olmuş Musanın Kitabını təsdiqlədiyi kimsə kafirə tay ola bilərmi? Müsəlmanlar ona (Qurana) iman gətirirlər. Onu inkar edən firqələrin vəd olunduğu yer oddur. Sənin isə ona (Qurana) heç bir şübhən olmasın. Çünki bu, sənin Rəbbindən gələn haqdır, lakin insanların çoxu buna inanmır
18Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə iftira yaxanlardır”– deyəcəklər. Allahın lənəti olsun zalımlara
19O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və Axirəti inkar edirlər
20Onlar yer üzündə Allahdan yaxa qurtara bilməyəcəklər. Onların Allahdan başqa himayədarları da yoxdur. Onların əzabı qat-qat artırılar. Çünki onlar haqqı eşidə bilmirdilər və görmürdülər
21Onlar özlərini ziyana uğradarlar. Uydurduqları bütlər isə onlardan qeybə çəkilib gedər
22Şübhə yoxdur ki, axirətdə ən çox ziyana uğrayanlar da onlardır
23Sözsüz ki, iman gətirib saleh əməllər edənlər və Rəbbinə boyun əyənlər Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar
24Bu iki zümrənin halı korla karın, görənlə eşidənin halına bənzəyir. Onların halı eyni ola bilərmi? Məgər düşünüb ibrət almırsınız
25Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Həqiqətən, mən sizin üçün açıq-aydın xəbərdar edən bir elçiyəm
26Allahdan başqasına ibadət etməyin! Mən sizi yaxalayacaq məşəqqət gününün əzabından qorxuram”
27Onun qövmünün kafir zadəganları dedilər: “Biz səni özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”
28Nuh dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Yoxsa siz onu görmək istəməyib kor qaldığınız bir halda, biz sizi ona inanmağa məcburmu edəcəyik
29Ey qövmüm! Mən buna görə sizdən var-dövlət istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Çünki onlar Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm
30Ey qövmüm! Əgər onları qovsam, məni Allahdan kim qoruya bilər? Məgər düşünüb ibrət almırsınız
31Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor baxdığınız kəslərə demirəm ki, Allah onlara əsla xeyir verməyəcəkdir. Onların canında nələr olduğunu Allah daha yaxşı bilir. Əks təqdirdə, sözsüz ki, mən zalımlardan olardım”
32Onlar dedilər: “Ey Nuh! Sən bizimlə mübahisə etdin və mübahisəmizi də çox uzatdın. Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir”
33O dedi: “Onu istəsə, ancaq Allah sizə gətirəcək və siz də ondan yaxa qurtara bilməyəcəksiniz
34Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və Ona da qaytarılacaqsınız”
35Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu!”– deyirlər. De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahım özümə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uzağam”
36Nuha belə vəhy olundu: “Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə
37Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar suda batırılacaqlar”
38Nuh gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq
39Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz”
40Nəhayət, əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman Biz Nuha dedik: “Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. Lakin, onunla birlikdə az adam iman gətirmişdi
41Nuh dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”
42Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”
43O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu
44Sonra deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qərar tutdu. Sonra deyildi: “Məhv olsun zalım adamlar!”
45Nuh Rəbbini çağırıb dedi: “Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin ən hikmətlisisən!”
46O dedi: “Ey Nuh! O, sənin ailəndən deyildir. Doğrusu, bu, pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”
47O dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”
48Sonra deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə gəmidən en! Özlərinə bir müddət güzəran verəcəyimiz, sonra da Öz tərəfimizdən ağrılı-acılı bir əzaba düçar edəcəyimiz ümmətlər də olacaqdır”
49Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin qövmün bilirdi. Səbir et! Şübhəsiz ki, gözəl aqibət müttəqilərindir
50Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Siz ancaq iftira yaxırsınız
51Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradandadır. Məgər anlamırsınız
52Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin”
53Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə məbudlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq
54Biz ancaq onu deyə bilərik ki, bəzi məbudlarımız səni bəlaya düçar edib”. O dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam
55Ondan başqa tapındıqlarınızın hamısından uzağam. Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin
56Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir
57Əgər üz çevirsəniz, bilin ki, mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir”
58Əmrimiz gəldikdə Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları ağır bir əzabdan qurtardıq
59Bu, Ad qövmü idi! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun elçilərinə asi oldular və hər bir inadcıl təkəbbür sahibinin əmrinə uydular
60Onları həm bu dünyada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Həqiqətən, Ad qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Hudun qövmü Ad
61Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Yaxındır, çağırışa cavab verəndir”
62Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir kimsə idin. Doğrudanmı atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin əqidə barəsində şübhə doğuran şəkk içindəyik”
63O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Əgər Allaha asi olsam, məni Ondan kim qoruya bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız
64Ey qövmüm! Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın onu Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi yaxın bir əzab yaxalayar”
65Onlar dəvənin diz vətərini kəsdilər. Saleh dedi: “Yurdunuzda üç gün də kef eləyin. Bu, yalan olmayan bir vəddir”
66Əmrimiz gəldikdə Salehi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə əzabdan və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin Qüvvətlidir, Qüdrətlidir
67Zülm edənləri isə qorxunc bir səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar
68Sanki orada heç yaşamamışdılar. Həqiqətən, Səmud qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Səmud qövmü
69Elçilərimiz (mələklər) İbrahimə (İshaqın doğulacağı barədə) müjdə gətirdilər və: “Salam!”– dedilər. O da: “Salam!”– dedi və dərhal gedib qızardılmış bir buzov gətirdi
70İbrahim mələklərin yeməyə əl vurmadıqlarını gördükdə onlar onun xoşuna gəlmədi və onların yanında canına qorxu düşdü. Onlar dedilər: “Qorxma! Həqiqətən, biz Lut qövmünə göndərilmişik”
71Onun arvadı pərdə arxasında durmuşdu. O, güldü. Biz onu İshaqla, (İshaqın) ardınca da Yaqubla müjdələdik
72O dedi: “Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca kişi olduğu halda doğa bilərəmmi? Doğrusu, bu, təəccüblü bir şeydir”
73Onlar dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir”
74İbrahimdən qorxu çəkildikdə və ona müjdə gəldikdə Lut qövmü barəsində Bizimlə mübahisə etməyə başladı
75Həqiqətən, İbrahim həlim, Allaha çox yalvaran və Ona üz tutan bir şəxs idi
76Mələklər dedilər: “Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək. Çünki Rəbbinin əmri artıq gəlmişdir və onlara qarşısıalınmaz bir əzab gələcəkdir”
77Elçilərimiz Lutun yanına gəldikdə, onlara görə kədərləndi, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür”– dedi
78Qövmü yüyürərək onun yanına gəldi. Onlar əvvəllər də yaramaz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?”
79Onlar dedilər: “Bilirsən ki, sənin qızlarına heç bir ehtiyacımız yoxdur. Nə istədiyimizi də yəqin ki, bilirsən”
80O dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”
81Mələklər dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında arvadından başqa bütün ailənlə yola düş. Qoy içinizdən heç kəs dönüb arxaya baxmasın. Çünki onların başına gələcək müsibət onun da başına gələcəkdir. Onların həlak olmaq vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?”
82Əmrimiz gəldikdə oranın altını üstünə çevirdik və odda bişmiş gil daşları ardıcıl olaraq onların üstünə yağdırdıq
83O daşlara Rəbbinin yanında işarə qoyulmuşdur. Onlar zalımlardan da uzaq deyildir
84Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi bolluq içində görürəm və qorxuram ki, başınıza hər şeyi bürüyən günün əzabı gələ
85Ey qövmüm! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların mallarını əksik verməyin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin
86Əgər möminsinizsə, bilin ki, Allahın saxladığı nemətlər sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm”
87Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri məbudlardan, yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”
88O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun? Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam
89Ey qövmüm! Qoy mənimlə olan ixtilafınız, Nuh qövmünün, yaxud Hud qövmünün, yaxud Saleh qövmünün başına gələnlərin eynisini sizin də başınıza gətirməsin. Lut qövmü də sizdən uzaq deyildir”
90Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, Sevəndir (həm də Seviləndir)
91Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”
92O dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir
93Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyirəm”
94Əmrimiz gəldikdə Şueybi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik. Zülm edənləri isə qorxunc səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar
95Sanki orada heç yaşamamışdılar. Səmud qövmü məhv olduğu kimi Mədyən qövmü də məhv olsun
96Biz Musanı möcüzlərimizlə və aydın bir dəlillə elçi göndərdik –
97Firon və onun əyanlarına. Onlar isə Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru yol göstərən əmr deyildi
98Firon Qiyamət günü öz qövmünün qabağına düşüb onları Oda aparacaq. Girəcəkləri yer nə pis yerdir
99Onları həm burada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Onlara verilən pay nə pis paydır
100Bu, sənə söylədiyimiz məmləkətlər haqqında hekayətlərin bəzisidir. Onlardan izi qalanı da vardır, yerlə-yeksan olanı da
101Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə Allahdan başqa çağırdıqları bütlər onları heç nədən qurtara bilmədilər. Bütlər onların ancaq tələfatını artırdı
102Rəbbin, haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması həqiqətən də, üzücüdür, şiddətlidir
103Həqiqətən, bunlarda axirət əzabından qorxanlar üçün bir ibrət vardır. Bu, insanların bir yerə toplanacağı bir gündür. Bu həm də hamının şahid olacağı bir gündür
104Biz onu sadəcə müəyyən olunmuş vaxtadək təxirə salmışıq
105Qiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq
106Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada bağıracaq və zarıyacaqlar
107Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir
108Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, tükənməz bir sovqatdır
109Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik
110Biz Musaya Kitab verdik, lakin onun barəsində də ixtilaf düşdü. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, onlar Quranın barəsində də şübhə doğuran şəkk içindədirlər
111Şübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır
112Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də doğru yolda olun. Həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür
113Zalımlara meyl etməyin, yoxsa sizə od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə kömək də olunmaz
114Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır
115Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz
116Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular
117Ölkə əhalisi əməlisaleh olduğu bir halda, Rəbbin o ölkəni haqsız yerə məhv etməz
118Əgər Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar elə hey ixtilafdadırlar
119Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Allah onları bunun üçün yaratdı. Rəbbinin: “Mən Cəhənnəmi bütün günahkar cinlər və insanlarla dolduracağam!” Sözü yerinə yetəcək
120Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bununla sənin ürəyini möhkəmləndirək. Bu ayələrdə sənə həqiqət, möminlərə də öyüd-nəsihət və xatırlatma vəhy edilmişdir
121İman gətirməyənlərə de: “Əlinizdən gələni edin, biz də edəcəyik
122Gözləyin! Biz də gözləyirik”
123Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath