ZƏKƏRİYYƏ 7
1Padşah Daranın hakimiyyətinin dördüncü ilində, doqquzuncu ay olan Kislev ayının dördüncü günü Zəkəriyyəyə Rəbbin sözü nazil oldu.
2O vaxt Bet-El əhalisi Sar-Eseri, Reqem-Meleki və onun adamlarını Rəbbin hüzuruna yalvarmağa göndərdi ki,
3Ordular Rəbbinin evində olan kahinlərlə peyğəmbərlərdən «İllərlə etdiyimiz kimi beşinci ayda yenə də oruc tutub ağlayaqmı?» deyə soruşsunlar.
4Onda mənə Ordular Rəbbinin bu sözü nazil oldu:
5«Bütün ölkə xalqına və kahinlərə söylə: “Yetmiş il ərzində beşinci və yeddinci aylarda Oruc tutub yas saxladığınız zaman Mənim üçünmü oruc tuturdunuz?
6Yeyib-içdiyiniz zaman Özünüz üçün yeyib-içmirdinizmi?”
7Yerusəlim əmin-amanlıq içində yaşayarkən, ətrafındakı şəhərlər, Negev və yamaclı-düzənlikli bölgədə insanlar sakin olarkən Rəbb indi dediyi bu sözləri əvvəlki peyğəmbərlər vasitəsilə söyləməmişdimi?»
8Zəkəriyyəyə Rəbbin bu sözü nazil oldu:
9«Ordular Rəbbi belə deyir: “Düzgün və ədalətlə mühakimə edin. Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin.
10Dul qadına, yetimə, qəribə və yoxsula zülm etməyin. Ürəyinizdə bir-birinizə qarşı pis niyyətlər tutmayın”.
11Ancaq onlar eşitməkdən boyun qaçırdı, inadkarlıqla arxa çevirdi, eşitməmək üçün qulaqlarını bağladı.
12Ordular Rəbbinin Öz Ruhu ilə əvvəlki peyğəmbərlər vasitəsilə göndərdiyi qanunu və nəsihətləri eşitməmək üçün ürəklərini almaz kimi sərtləşdirdilər. Buna görə də Ordular Rəbbi onlara çox qəzəbləndi.
13Ordular Rəbbi deyir: “İndi ki Mən onları çağıranda qulaq asmadılar, onlar da çağıranda Mən qulaq asmayacağam.
14Onları qasırğa kimi tanımadıqları millətlərin arasına səpələdim. Arxada qoyduqları torpaq elə viran qaldı ki, oraya gedib-gələn olmadı. Gözəl torpaq xaraba qaldı”».
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath