Xristianlıq
geri

ZƏBUR 10

1Ya Rəbb, nə üçün uzaqda durmusan? Mən dara düşəndə niyə gizlənirsən?

2Pislər təkəbbürlə məzlumları təqib edir, Öz qurduqları fəndlərə özləri düşür.

3Pis insan könlünün istəkləri ilə fəxr edir, Acgöz Rəbbə xor baxır, Ona küfr edir.

4Təkəbbürlü, pis insan Allahı axtarmaz, «Allah yoxdur» deyə düşünər.

5Belə insan həmişə uğur qazanar, Bütün düşmənlərinə xor baxar. Sənin hökmlərinsə onun dərrakəsindən çox uzaqdır.

6Ürəyində deyir: «Sarsılmaram, Heç zaman fəlakətə düşmərəm».

7Onun ağzı lənətlə, hiylə ilə, hədə ilə doludur, Dilinin altında zülm və şər var.

8Kəndlərdə pusqu yerlərini qurar, Günahsızları xəlvətcə öldürər. Biçarəyə göz qoyub gizlicə güdər,

9Yuvasında oturmuş aslan kimi gizli yerdə pusqu qurar, Məzlumu tutmaq üçün güdər, Toruna salıb onu tutar.

10Biçarələrin başından basıb qəddini qırar, Onlar bu pis adamın əlindən yıxılar.

11Pis adam belə düşünər: «Allah məni yaddan çıxarıb, Heç vaxt görməz, çünki mənə göz yumub».

12Ya Rəbb, qalx, ey Allah, onlara əl qaldır! Unutma məzlumları!

13Niyə pis insan Allaha küfr etsin? Niyə ürəyində «məndən əvəzini çıxmaz» desin?

14Amma Sən bu əzab-əziyyətə baxırsan, Məzluma kömək əlini uzadırsan. Biçarə özünü Sənə tapşırar, Yetimlərin imdadı Sənsən.

15Şər iş görənin, pis insanın qol-qanadını qır, Axıracan pisliklərini ifşa et.

16Rəbb sonsuzadək, əbədi padşahdır! Onun diyarından millətlər yox olacaq.

17Ya Rəbb, məzlumların səsini eşidəcəksən, Onları ürəkləndirib diqqət yetirəcəksən.

18Yetimə, fəqirə ədalət göstərəcəksən; Belə ki torpaqdan yaradılan insan Bir daha təhlükə yaratmasın.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath