Xristianlıq
geri

SÜLEYMANIN MƏSƏLLƏRİ 30

1Yaqe oğlu Aqurun sözləri, onun kəlamı. Bu adam Yetielə, Yetiel və Ukala belə dedi:

2Həqiqətən, mən hamıdan ağılsızam, İnsan idrakına malik deyiləm.

3Nə hikmət öyrənmişəm, Nə də Müqəddəsin biliyindən xəbərim var.

4Kim göylərə qalxıb endi? Kim yeli ovcunda topladı? Kim suları paltarına sarıdı? Yer üzünün qurtaracağınadək hər yeri kim yaratdı? Adı nədir? Oğlunun adı nədir? Bilirsənmi?

5Allahın hər bir kəlamı safdır, Ona pənah gətirənlərin sipəri Odur.

6Onun sözünə heç nəyi əlavə etmə, Yoxsa səni tənbeh edər, yalanını çıxarar.

7Ey Allah, Səndən iki şey istəyirəm, Nə qədər ömrüm var, məndən onları əsirgəmə:

8Saxta, yalan sözlər qoy məndən uzaq olsun; Məni nə yoxsul, nə də zəngin et, Ancaq mənə gündəlik çörəyimi ver.

9Varlansam, «Rəbb kimdir?» deyə Sənə küfr edərəm, Yoxsul olsam, oğurlaram və Allahımın adını ləkələrəm.

10Qul barədə ağasına pis sözlər demə, Yoxsa sənə qarğış edər, bu təqsirlə yüklənərsən.

11Adam var ki, atasına qarğış edir, Anasına alqış etmir.

12Adam var ki, özünü təmiz sanır, Amma murdarlıqdan təmizlənməyib.

13Adam var ki, yuxarıdan aşağı baxar, Təkəbbürlə baxmaq üçün gözlərini qaldırar.

14Adam var ki, dişləri qılınca bənzər, Elə bil çənəsinə bıçaqlar düzüb, Yer üzündən məzlumları udar, İnsanların içindən fəqirləri məhv edər.

15Zəlinin iki qızı var, «Ver, ver» deyib bağırar. Üç şey var ki, heç doymaz, Dörd şey var ki, «bəsdir» deməz:

16Ölülər diyarı, qısır bətn, Sudan doymayan torpaq, «Bəsdir» deməyən alov.

17Kim ki atasına rişxənd edir, Anasının sözünə xor baxır, Dərələrdəki qarğalar onun gözlərini deşəcək, Qartal balaları onun bəbəklərini yeyəcək.

18Mənim ağlım kəsməyən üç şey var, Anlamadığım dörd şey var:

19Səmada qartalın yolu, Qayada ilanın yolu, Dənizdə gəminin yolu, Kişi ilə gənc qadının yolu.

20Zinakar qadının da yolu belədir: Yeyər, ağzını silər, «Nə pis iş görmüşəm ki?» deyər.

21Yer üç şeydən lərzəyə gəlir, Dörd şey var ki, ona tab gətirmir:

22Qulun padşah olması, Sarsağın doyunca çörək tapması,

23Nifrətəlayiq qadının ərə getməsi, Qarabaşın öz xanımının yerinə keçməsi.

24Yer üzündə dörd şey var, Kiçik olsa da, hikməti çoxdur:

25Qarışqalar qüvvətli olmayan birlikdir, Yemini yayda tədarük edir;

26Qayadovşanları da güclü olmayan birlikdir, Evlərini qaya içində tikir;

27Çəyirtkələrin şahı yoxdur, Lakin hamısı dəstə-dəstə irəliləyir;

28Kərtənkələni əllə tutmaq olur, Amma o, padşah saraylarına çıxır.

29Üç məxluq var ki, yerişi gözəldir, Dörd məxluq var ki, gedişi gözəldir:

30Heyvanların ən güclüsü, Heç nəyin qarşısından geri dönməyən şir,

31Döyüşkən xoruz, təkə, Qoşun qabağına çıxan padşah.

32Əgər özünü ucaltmaqla sarsaqlıq etmisənsə, Fikrində pis niyyətin varsa, əlinlə ağzını tut.

33Çünki südü çalxalayanda yağ çıxdığı kimi, Burnu sıxanda qan çıxdığı kimi Qəzəbi qızışdıranda da dava yaranar.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath