Xristianlıq
geri

MİKEYA 1

1Yəhuda padşahları Yotam, Axaz və Xizqiyanın dövründə Samariya və Yerusəlim barəsində Moreşetli Mikeyaya görüntü ilə Rəbbin bu sözü nazil oldu.

2Eşidin, ey bütün xalqlar, Qulaq asın, yer üzü və orada yaşayanlar! Qoy Xudavənd Rəbb sizə qarşı müqəddəs məbədindən Şəhadət etsin.

3Budur, Rəbb göylərdəki taxtından enir, Yer üzünü dağların zirvəsi ilə gəzir.

4Od yanında əriyən mum tək önündə dağlar əriyəcək, Təpələrdən gələn sellər tək yarğanlar açacaq.

5Bunlar Yaqub övladlarının üsyankarlığına, İsrail xalqının günahlarına görədir. Yaqub övladlarının üsyankarlığına görə Axı kimdir müqəssir? Samariya deyilmi? Yəhudanın bütpərəstliyinə görə Axı kimdir təqsirkar? Yerusəlim deyilmi?

6«Buna görə Mən Rəbb Samariyanı yerlə yeksan edəcəyəm, Yerində üzümlük salınacaq. Daşlarını dərəyə tökəcəyəm, Təməllərini açıq qoyacağam.

7Samariyanın bütün oyma bütləri parça-parça olacaq, Məbədinə verilən hədiyyələr yandırılacaq, Bütün heykəllərini dağıdacağam. Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı, Onlar yenə də fahişələr üçün işlədiləcək».

8Buna görə Mən Mikeya, ağlayıb göz yaşı axıdacağam, Ayaqyalın, lüt-üryan dolaşacağam, Çaqqal kimi ulayacağam, Bayquş kimi səs salacağam.

9Samariyanın yaraları sağalmaz, Yəhudayadək yayılıb, Xalqımın darvazalarınadək, Yerusəlimədək çatıb.

10Bunu Qatda bildirməyin, Önlərində ağlamayın. Bet-Leafrada toz-torpaqda yuvarlanın.

11Siz ey Şafir sakinləri, Lüt-üryan, xəcalət içində əsarətə gedin! Saananda yaşayanlar oradan çıxa bilməyəcək. Bet-Esel əhli yas tutacaq, Köməyini sizdən çəkəcək.

12Marot əhalisi xeyir arzulasa da, Rəbb Yerusəlimin darvazasına bəla gətirir.

13Ey Lakiş sakinləri, atlarınızı Döyüş arabalarına qoşun Sion qızını günaha batırdınız, İsrailin üsyankarlığına bais oldunuz!

14Buna görə Moreşet-Qata cehiz verəcəksiniz, Akziv şəhəri İsrail padşahlarını aldadacaq.

15Ey Mareşa sakinləri, Rəbb üzərinizə yenə istilaçı gətirəcək, Adullam mağarasına İsrailin adlı-sanlı adamları sığınacaq.

16Ey Yəhuda, əziz balalarından ötrü saçını qırx, Qoy başın kərkəs başı kimi keçəl olsun, Çünki övladların sürgünə aparılacaq!

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath