Xristianlıq
geri

YEREMYA 37

1Babil padşahı Navuxodonosorun Yəhudaya təyin etdiyi Yoşiya oğlu Sidqiya, Yehoyaqim oğlu Yehoyakinin yerinə padşah oldu.

2Ancaq Yeremya peyğəmbər vasitəsilə Rəbbin söylədiyi sözlərə nə padşah Sidqiya, nə onun əyanları, nə də ölkə xalqı qulaq asdı.

3Padşah Sidqiya Şelemya oğlu Yehukalı və Maaseya oğlu kahin Sefanyanı Yeremya peyğəmbərin yanına göndərdi ki, ona desinlər: «Bizim üçün Allahımız Rəbbə dua et».

4O vaxt Yeremya xalqın arasında açıq gedib-gəlirdi, çünki onu hələ zindana atmamışdılar.

5Bu zaman fironun qoşunları Misirdən çıxmışdı. Yerusəlimi mühasirəyə alan Xaldeylilər bu barədə xəbər eşidən kimi Yerusəlimdən çəkildi.

6O vaxt Yeremya peyğəmbərə Rəbbin bu sözü nazil oldu:

7«İsrailin Allahı Rəbb belə deyir: “Məndən soruşmaq üçün sizi yanıma göndərən Yəhuda padşahına söyləyin ki, sizə kömək etməyə çıxan fironun ordusu öz ölkəsinə – Misirə qayıdacaq.

8Xaldeylilər yenə gəlib bu şəhərə hücum edəcək və onu ələ keçirib yandıracaq”.

9Rəbb belə deyir: “Xaldeylilər mütləq geri çəkiləcək” deyib özünüzü aldatmayın, çünki onlar geri çəkilməyəcək.

10Əgər sizə hücum edən bütün Xaldey ordusunu məğlub etsəniz və onların arasında yalnız yaralı adamlar qalsa belə, yenə hər biri öz çadırından qalxıb bu şəhəri yandıracaq».

11Firon ordusunun üzündən Xaldey ordusu Yerusəlimdən çəkilən zaman

12Yeremya Binyamin torpağına getmək üçün Yerusəlimdən yola düşdü. Oradakı xalq arasında öz irs payını almaq istəyirdi.

13Binyamin darvazasına çatanda keşikçilərin başçısı Xananya oğlu Şelemya oğlu İriyanı orada gördü. İriya «sən Xaldeylilərin tərəfinə keçirsən» deyərək onu tutdu.

14Yeremya «yalandır, mən Xaldeylilərin tərəfinə keçmirəm» dedi. Ancaq İriya Yeremyaya qulaq asmadı və onu tutub başçıların yanına gətirdi.

15Başçılar Yeremyaya qəzəblənib onu döydülər. Sonra onu mirzə Yonatanın evinə – həbsxanaya saldılar, çünki o evi həbsxana etmişdilər.

16Yeremya çəni olan zirzəmidə zindana salındı, uzun müddət orada qaldı.

17O zaman padşah Sidqiya adam göndərib onu gətirtdi. Padşah öz sarayında gizlicə ondan soruşdu: «Rəbdən bir söz varmı?» Yeremya «var» deyə cavab verdi, «Babil padşahına təslim ediləcəksən».

18Sonra Yeremya padşah Sidqiyaya dedi: «Sənə, əyanlarına və bu xalqa qarşı nə günah etdim ki, məni həbsxanaya saldınız?

19“Babil padşahı sizə və bu ölkəyə hücum etməyəcək” deyə sizin üçün peyğəmbərlik edən peyğəmbərləriniz indi haradadır?

20Ey ağam padşah, indi xahiş edirəm, qulaq as. Xahiş edirəm, bu yalvarışımı qəbul et və məni mirzə Yonatanın evinə qaytarma, qoy orada ölməyim».

21Padşah Sidqiya əmr etdi və Yeremyanı keşikçilər həyətində saxladılar. Şəhərdə çörək ehtiyatı qurtarana qədər hər gün ona çörək bişirənlər küçəsindən gətirib bir parça çörək verirdilər. Beləcə Yeremya mühafizəçilər həyətində qaldı.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath