Xristianlıq
geri

YEREMYA 12

1Əgər Səninlə mübahisə etsəm, Sən haqlı çıxarsan, ya Rəbb. Ancaq yenə də ədalət barədə Səninlə danışmaq istəyirəm. Nə üçün pis adamlar əməllərində Uğur qazanır, Bütün xainlər dinc yaşayır?

2Onları Sən əkdin, kök saldılar, Qol-budaq atdılar, Bar verdilər. Sən onların dillərinə yaxınsan, Amma ürəklərindən uzaqsan.

3Məni isə, ya Rəbb, Sən tanıyırsan, Görürsən və sınayırsan. Ürəyim Səninlədir. Onları qurbanlıq qoyun kimi ayır, Qırğın günü üçün hazırla.

4Nə vaxta qədər torpaq yas tutacaq, Bütün çöl otları quruyacaq? Orada yaşayanların pisliyi üzündən Heyvanlar və otlar məhv oldu. Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir.

5«Ey Yeremya, əgər sən piyadalarla qaçanda yoruldunsa, Atlarla necə yarışa bilərsən? Əgər əmin-amanlıq olan torpaqda büdrəsən, İordan çayının kənarındakı sıx meşədə nə edəcəksən?

6Hətta öz qardaşların – ata evin də Sənə xəyanət etdi, Onlar da sənin ardınca Ucadan bağırdı. Sənə yaxşı sözlər söyləsələr də, Onlara inanma.

7Evimi tərk etdim, İrsimi əldən verdim, Sevgilimi düşmənlərə təslim etdim.

8İrsim Mənim üçün Meşədəki aslan kimi oldu. Üstümə nərə çəkdi, Buna görə də ona nifrət etdim.

9İrsim Mənim üçün Alabəzək yırtıcı quş oldumu? Hər tərəfdən yırtıcı quşlar Onun üstünə töküldü. Gedin bütün vəhşi heyvanları toplayın, Yeyib-qurtarmaq üçün onun üstünə gətirin.

10Çoxlu çoban bağımı viran etdi, Tarlamı tapdalayıb əzdi, Gözəl zəmimi boş çölə çevirdi.

11Onu xaraba qoydular, Xarabalıq içində önümdə ağlayır. Bütün ölkə viran oldu, Amma heç kəsin vecinə deyil.

12Çöldəki bütün çılpaq təpələrə məhv edənlər gəldi. Çünki ölkənin bir ucundan o biri ucuna qədər Rəbbin qılıncı qırıb-çatır. Heç kim salamat qalmır.

13Onlar buğda əkdi, qanqal biçdi. Zəhmət çəkdilər, xeyir görmədilər. Rəbbin qızğın qəzəbindən ötrü Məhsullarınızdan utanacaqsınız».

14Rəbb belə deyir: «Xalqım İsrailə irs olaraq verdiyim mülkə toxunan bütün bədxah qonşularıma gəlincə, Mən onları torpaqlarından çıxarıb atacağam, onların arasından Yəhuda nəslini də çıxarıb atacağam.

15Amma onları çıxarıb atdıqdan sonra yenə hallarına acıyacağam. Hər kəsi öz mülkünə, öz torpağına qaytaracağam.

16Əgər onlar xalqımın yolunu yaxşı öyrənsələr, xalqımı Baal adı ilə and içməyi öyrətdikləri kimi “var olan Rəbbə and olsun” deyib Mənim adımla and içsələr, o zaman xalqımın arasında sakin olacaqlar.

17Ancaq qulaq asmasalar, o zaman belə bir milləti mütləq kökündən çıxarıb yox edəcəyəm» Rəbb belə bəyan edir.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath