Xristianlıq
geri

YAQUB 4

1Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi?

2Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki diləmirsiniz.

3Diləyirsiniz, amma almırsınız, çünki öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz.

4Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq istəyən özünü Allaha düşmən edər.

5Bəlkə güman edirsiniz ki, Müqəddəs Yazı əbəs yerə «Allahın daxilimizə verdiyi ruh qısqanclıqla həsrət çəkər» deyir?

6Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir: «Allah məğrurlara qarşıdır, İtaətkarlara isə lütf göstərər».

7Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq.

8Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın!

9Kədərlənin, yas tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz də qəmə dönsün!

10Rəbbin önündə özünüzü aşağı tutun, O da sizi ucaldacaq.

11Qardaşlar, bir-birinizi pisləməyin. Qardaşını pisləyən yaxud qardaşını mühakimə edən kəs Qanunu pisləyir və Qanunu mühakimə edir. Amma sən Qanunu mühakimə edirsənsə, Qanunun icraçısı deyil, onun hakimisən.

12Qanunverən və Hakim birdir, xilas etməyə və həlak etməyə qadir olan Odur. Bəs sən kimsən ki, qonşunu mühakimə edirsən?

13İndi siz belə deyirsiniz: «Bu gün yaxud sabah biz filan şəhərə gedib orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq».

14Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonra da yox olan buxardır.

15Bunun əvəzinə «əgər Rəbb istəyərsə, sağ qalarıq, bu və ya digər işi görərik» deməlisiniz.

16İndi isə siz öz təkəbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmələrin hamısı pisdir.

17Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath