Xristianlıq
geri

YEŞAYA 65

1«Məni soruşmayanlara Mən zühur etdim, Məni axtarmayanlar tərəfindən tapıldım. Adımı çağırmayan millətə dedim: “Buradayam! Buradayam!”

2Pis yolla gedən, Öz düşüncələri ilə hərəkət edən Dikbaş xalqa gün boyu əllərimi uzadıb durdum.

3O xalq ki bağlarda qurban kəsərək, Kərpiclərin üstündə buxur yandırıb Gözüm önündə daima Məni təhqir edir,

4Qəbiristanlıqda oturub Gizli yerlərdə gecələyir, Donuz əti yeyir, Qablarında haram ət qaynadır.

5Onlar bir-birinə deyir: “Uzaq dur, Mənə yaxınlaşma, çünki mən səndən müqəddəsəm”. Belələri burnuma tüstü, Bütün gün yanan alovdur.

6Budur, qarşımda bunlar yazılıb: Mən susmayacağam, Ancaq onların əvəzini verəcəyəm, Əməllərini başlarına çevirəcəyəm.

7Onların da, atalarının da qəbahətlərinin cəzasını Onlara çəkdirəcəyəm». Rəbb deyir. «Dağların başında buxur yandırdıqlarına görə, Təpələrin başında Mənə küfr etdiklərinə görə Mən əvvəlki əməllərini ölçüb onların əvəzini onlara çəkdirəcəyəm».

8Rəbb deyir: «Üzüm salxımında şirə tapıldığına görə deyirlər: “Salxımı xarab etməyin, içində bərəkət var”. Mən də qullarımın xatirinə belə edərəm ki, Onların hamısı məhv olmasın.

9Yaqubdan törəyənlərin sayını artıracağam, Yəhuda nəslindən dağlarıma varis çıxacaq, Seçilmiş xalqım oranı irs alacaq. Mənim qullarım orada məskunlaşacaq.

10Məni axtaran xalqım üçün Şaron sürülərin otlağı, Akor vadisi mal-qaranın rahatlandığı yer olacaq.

11Lakin sizlər – Rəbbi tərk edənlər, Müqəddəs dağımı unudanlar, Tale allahına süfrə açanlar, Qismət allahına camlarda şərab təqdim edənlər,

12Mən də sizi qılınca qismət edəcəyəm, Hamınız qırılmaq üçün diz çökəcəksiniz. Çünki Mən çağıranda sizdən cavab almadım, Danışanda qulaq asmadınız. Gözümdə pis olanı etdiniz, Mənə məqbul olmayanı seçdiniz».

13Buna görə də Xudavənd Rəbb belə deyir: «Qullarım yeyəcək, sizsə ac qalacaqsınız, Qullarım içəcək, sizsə susayacaqsınız, Qullarım sevinəcək, sizsə utanacaqsınız.

14Qullarım şadlanıb mədhiyyələr söyləyəcək, Sizsə ürək ağrısından qışqıracaqsınız, Kədərli ruhla fəryad edəcəksiniz.

15Sizin adınız seçilmiş xalqımın Ağzında ancaq lənət kimi qalacaq. Xudavənd Rəbb sizi öldürəcək, Öz qullarına isə başqa ad verəcək.

16Ölkədə kim xeyir-dua istəsə, Sadiq Allahdan diləyəcək. Ölkədə kim and içsə, Sadiq Allahın adı ilə and içəcək. Çünki keçmiş əziyyətlər unudulub Gözümün önündən yox olacaq.

17Budur, Mən yeni göylər və yeni yer yaradıram. Əvvəlki işlər bir daha xatırlanmayacaq, Heç yada düşməyəcək.

18Yaratdığımla əbədilik sevinin, şadlanın. Çünki sevinc üçün yeni Yerusəlimi, Sakinlərini xoşbəxtlik üçün yaradacağam.

19Mən Yerusəlim üçün sevinəcəyəm, Xalqım üçün şadlanacağam. Orada nə ağlaşma, nə fəryad səsi Bir daha eşidilməyəcək.

20Uşaqlar artıq körpə çağlarında ölməyəcək, Uzun ömür sürməyən qoca olmayacaq, Yüz yaşında ölənlər cavan sayılacaq, Yüz yaşına çatmayanlar lənətli sayılacaq.

21Onlar evlər tikib orada məskunlaşacaq, Üzüm bağları salacaq, bəhrələrindən yeyəcək.

22Tikdikləri evdə özgələr yaşamayacaq, Əkdikləri bağın meyvələrini başqaları yeməyəcək. Çünki xalqım ağaclar tək uzun ömür sürəcək, Seçilmişlərim əllərinin işlərindən zövq alacaq.

23Onlar boş yerə əlləşməyəcək, Övladları bəlalarla üzləşməyəcək. Çünki özləri də, övladları da, Rəbbin xeyir-dualı nəsli olacaq.

24Onlar Məni çağırmamışdan Mən onlara cavab verəcəyəm, Onlar hələ danışarkən Mən eşidəcəyəm.

25Qurdla quzu bir yerdə otlayacaq, Şir buğa tək saman yeyəcək, İlanın yediyi torpaq olacaq. Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək». Rəbb belə deyir.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath