Xristianlıq
geri

YEŞAYA 62

1Salehliyi nur kimi saçanadək, Qurtuluşu məşəl tək yananadək Sion naminə susmayacağam, Yerusəlim naminə sakit durmayacağam.

2Millətlər salehliyini, Bütün padşahlar əzəmətini görəcək. Rəbbin ağzı ilə deyəcəyi, Sənə verəcəyi yeni bir adla çağırılacaqsan.

3Sən Rəbbin əlində gözəllik tacı, Allahının ovcunda padşahlıq çələngi olacaqsan.

4Artıq sənə «atılmış», Ölkənə «viranə qalmış» deməyəcəklər. Əvəzinə sənə «sevdiyim», Ölkənə isə «ərli» deyiləcək. Çünki Rəbb səni sevəcək, Ölkən də ərli sayılacaq.

5Bir gənc bakirə qızla evləndiyi kimi Səni Yaradan da səninlə evlənəcək. Bəy gəlindən zövq aldığı kimi Allahın da səndən zövq alacaq.

6Ey Yerusəlim, divarlarının üstünə Mən qarovulçular qoydum. Gecə-gündüz onlar susmayacaq. Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın,

7Rəbb Yerusəlimi bərpa edənədək, Onu yer üzünün tərifə layiq şəhərinə döndərənədək Ona rahatlıq verməyin!

8Rəbb sağ əlini, güclü qolunu Qaldırıb and içdi: «Düşmənlərinə sənin taxılını bir daha yedirtməyəcəyəm, Yadellilər sənin əziyyətlə sıxdığın şərabını içməyəcək.

9Taxılı yığan yeyəcək, Rəbbə həmdlər edəcək. Üzümü toplayan şərabını Məbədimin həyətlərində içəcək».

10Keçin, keçin şəhər darvazalarından, Xalq üçün yol hazırlayın! Tikin, yol salın, Daşları kənara atın, Xalqlar üçün bayraq qaldırın!

11Rəbb yer üzünün ən uzaq yerlərinə bəyan etdi: «Sion qızına deyin: “Budur, qurtuluşun gəlir, Rəbbin mükafatı onunladır, Ənamı önündədir”».

12Sion xalqına «Rəbbin satın aldığı, müqəddəs xalq» deyəcəklər. Sən, ey Yerusəlim, «Allahın axtardığı, tərk olmamış şəhər» adlanacaqsan.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath