Xristianlıq
geri

YEŞAYA 58

1«Avazla çığırın, çəkinməyin, Səsinizi şeypur səsi kimi ucaldın, Xalqıma üsyankarlığını, Yaqub nəslinə günahlarını bildirin!

2Onlar hər gün Məni axtarır, Mənim yolumu öyrənməkdən zövq alır. Sanki bu əməlisaleh, Allahının hökmündən ayrılmayan millət imiş. Onlar Məndən düzgün hökmlər diləyirdi, Allaha yaxınlaşmaqdan zövq alırdı.

3Onlar belə deyir: “Oruc tutduğumuzu nə üçün görmürsən, Özümüzü aşağı tutanda, Sən niyə fikir vermirsən?” Baxın, oruc tutduğunuz gün Siz istədiyinizi edirsiniz, Bütün işçilərinizi sıxışdırırsınız.

4Baxın, orucunuzu savaşma ilə, Dava ilə, yumruqla, döyməklə keçirirsiniz. Səsinizi ucalara çatdırmaq üçün Bugünkü kimi sizə oruc tutmaq olmaz.

5İstədiyim oruc, insanın özünü aşağı tutduğu gün belə olmalı idimi? Bu, qamış kimi başınızı əyib, Əyninizə çul geyib, kül üstündə oturmağınızdırmı? Bunamı oruc və Rəbbə məqbul olan gün deyirsiniz?

6Mənim istədiyim orucsa Haqsızlığın buxovlarını qırmaq, Boyunduruğun iplərini açmaq, Sıxıntı içində olanları azad etmək, Hər cür boyunduruğu məhv etmək deyilmi?

7Yediyiniz çörəyi acla bölüşdürmək, Yurdsuz kasıbları evinizə gətirmək deyilmi? Mənim istədiyim oruc bu deyilmi? Çılpaq görəndə geyindirmək, Yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi?

8Onda nurunuz şəfəq kimi saçacaq, Tezliklə şəfa tapacaqsınız, Qarşınızda salehliyiniz gedəcək, Rəbbin izzəti sizə arxa olacaq.

9O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək. Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək. Əgər siz boyunduruğu, Yəni başqalarına zülm etməyinizi Aranızdan rədd etsəniz, Barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz,

10Can-dildən acların qayğısına qalsanız, Fəqirlərin ehtiyaclarını ödəsəniz, Nurunuz qaranlıqda parlayacaq, Qaranlığınız günorta işığı kimi nur saçacaq.

11Rəbb həmişə sizə yol göstərəcək, Quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək. Siz də sulanmış bağça kimi, Suları heç vaxtı əskilməyən Bulaq kimi olacaqsınız.

12Sizdən törənənlər qədim dağıntıları tikəcək, Nəsillərdən qalma təməllərin üstünü Siz bərpa edəcəksiniz. Sizə xarabalıqları bərpa edənlər, Camaatın yaşaması üçün Küçələri yenidən quranlar deyiləcək.

13Şənbə günündə büdrəməsəniz, Müqəddəs günümdə istədiyinizi etməsəniz, Şənbə gününü “şən gün”, Rəbbin müqəddəs gününü “Şərəfli gün” adlandırsanız, Öz yolunuzla getməməklə, İstədiyinizi əldə etməməklə, Boşboğazlıqla məşğul olmamaqla, O günü əziz tutsanız,

14Rəblə ünsiyyətdən zövq alacaqsınız. O zaman Mən sizi yer üzünün Yüksək yerlərinə çıxaracağam, Atanız Yaqubun payından dadacaqsınız». Bu sözlər Rəbbin ağzından çıxıb.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath