Xristianlıq
geri

YEŞAYA 32

1Budur, padşah salehliklə hökm sürəcək, Başçılar ədalətlə rəhbərlik edəcək.

2Onların hər biri Küləyə qarşı bir pənahgah, Fırtınaya qarşı sığınacaq, Quraqlıqda bulaqlar, Cansıxıcı torpaqda kölgə salan böyük qaya kimi olacaq.

3Görənlərin gözləri bir daha yumulmayacaq, Eşidənlərin qulaqları dinləyəcək.

4Ağılsızların ağlı biliyə doğru yönələcək, Pəltəklər açıq-aydın danışacaq.

5Artıq axmaq adama alicənab deyilməyəcək, Alçağı ağayana insan saymayacaqlar.

6Çünki axmaq səfeh-səfeh danışır, Ürəyinin niyyəti pislik etməkdir. Onun işi küfr edib, Rəbbə qarşı təhqiranə danışmaq, Acları ac, susuzları susuz qoymaqdır.

7Alçaq adamın əməlləri pisdir. O, hiylə işlədir ki, Yalan sözlərlə haqlı olan yoxsula ziyan versin.

8Amma alicənab adam Alicənab şeylər barəsində fikirləşər. Elədiyi xoş əməllər ona dayaqdır.

9Ey qayğısız qadınlar, Qalxın, səsimi eşidin! Ey laqeyd qızlar, sözümü dinləyin!

10Ey laqeyd qadınlar, Siz bir ildən sonra sarsılacaqsınız, Çünki bağda məhsul, Meyvə yığımı olmayacaq.

11Ey qayğısızlar, əsin! Ey laqeydlər, lərzəyə gəlin, Geyimlərinizi çıxarın, Soyunun, belinizə çul qurşayın.

12Gözəl tarlalar, Məhsuldar meynələr üçün,

13Xalqımın tikanlı kollar bitən torpağı üçün, Zövq-səfalı şəhərlərdəki şən evləriniz üçün Sinə döyün.

14Çünki saray viranə, İzdihamlı şəhər boş qalacaq, Qala ilə gözətçi qülləsi Əbədilik mağaralara çevriləcək, Vəhşi eşşəklərin gəzdiyi, Sürülərin otlaq yeri olacaq.

15Bunlar yuxarıdan üzərimizə Ruh tökülənədək davam edəcək. O vaxt səhra məhsuldar tarlaya, Məhsuldar tarla isə meşəyə dönəcək.

16Sonra ədalət səhrada məskunlaşacaq, Salehlik məhsuldar tarlada yaşayacaq.

17Salehliyin bəhrəsi əmin-amanlıq, Nəticəsi isə əbədi sakitlik və təhlükəsizlik olacaq.

18Xalqım əmin-amanlıq içində evlərində, Təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq.

19Dolu meşələrə düşsə də, Şəhər yerlə yeksan olsa da,

20Bütün sulu torpaqlarda toxum əkənlər, Oraya malını, eşşəyini sərbəst buraxanlar, Siz nə xoşbəxtsiniz!

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath