YEŞAYA 17
1Dəməşq barədə xəbərdarlıq: Budur, Dəməşq daha şəhər olmayacaq, Bir yığın xarabalığa dönəcək.
2Aroer şəhərləri tərk olunacaq. Oralar sürülərin otlaq yeri olacaq, Onları qorxudan olmayacaq.
3Efrayimdə qalalı şəhər qalmayacaq, Dəməşqin hakimiyyəti yox olacaq, Sağ qalan Aramlıların qüvvəti İsrail övladlarının qüvvəti tək olacaq. Bunu Ordular Rəbbi bəyan edir.
4O gün Yaqub nəslinin əzəməti sönəcək, Hamısı bir dəri, bir sümük qalacaq;
5Biçinçi taxılı necə biçirsə, Başaqları əli ilə necə yığırsa, Refaim vadisində başaqları necə toplayırsa, Onlar da elə olacaq.
6Zeytun ağacı silkələnəndən sonra Təpəsində iki-üç zeytun qaldığı kimi, Bəhərli budaqlarında dörd-beş zeytun qaldığı kimi Çox az adam sağ qalacaq. Bunu İsrailin Allahı Rəbb bəyan edir.
7O gün insan öz Yaradanına nəzər salacaq və gözləri İsrailin Müqəddəsini görəcək.
8Əlləri ilə yaratdığı qurbangahlara baxmayacaq, barmaqları ilə düzəltdiyi ilahə Aşeranın rəmzi olan sütunlara, buxur qurbangahlarına nəzər salmayacaq.
9O gün istehkamlı şəhərləri İsrail övladlarından qaçan Hivlilərlə Emorluların tərk etdiyi Şəhərlərə bənzəyəcək, viran qalacaq.
10Sən, ey İsrail, sənə qurtuluş verən Allahını unutdun, Pənahgahın olan Qayanı xatırlamadın. Buna görə də sən əcnəbi bütlər üçün bağ əkirsən, Özgə ağacların budaqlarından peyvənd edirsən.
11Onları əkdiyin gün böyüdürsən, Ertəsi gün çiçəkləndirirsən, Amma kədərli, sağalmayan ağrılı gündə məhsul verməyəcəklər.
12Ah, çoxsaylı xalqların gurultusu Dənizlərin gurultusuna bənzər! Ümmətlərin nərəsi böyük suların çağlayışına oxşar!
13Ümmətlərin səsi böyük suların gurultusuna bənzəyəcək, Lakin Allah onları məzəmmət edəcək, Onlar uzaqlara qaçacaq, Küləyin qarşısında təpəliklərdəki saman çöpü kimi, Qasırğanın önündə yuvarlanan küləş kimi qovulacaqlar.
14Axşamçağı onlar dəhşət doğururlar, Səhər açılmadan yox olurlar. Bizi soyanların aqibəti budur, Bizi qarət edənlərin sonu budur.
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath