Xristianlıq
geri

İBRANİLƏRƏ 13

1Aranızda daimi qardaşlıq sevgisi olsun.

2Qonaqpərvər olmağı da unutmayın, çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər.

3Özünüzü həbsdə olanların yerinə qoyaraq onları yada salın. Əzab-əziyyət içində olanları da elə xatırlayın ki, sanki özünüz onlarla birgə əzab-əziyyət çəkirsiniz.

4Qoy hər kəs nikaha hörmətlə yanaşsın. Qoy ər-arvad yatağı murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək.

5Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm».

6Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?»

7Allahın kəlamını sizə danışan rəhbərlərinizi yada salın. Onların həyat tərzinin nəticəsinə baxıb imanlarını nümunə olaraq götürün.

8İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.

9Müxtəlif və yad təlimlərlə yoldan azmayın, çünki ürək yeməklərlə deyil, Allahın lütfü ilə qüvvətlənsə, yaxşıdır. Bu cür yemək qaydalarına riayət edənlər bir xeyir görmədilər.

10Bizim bir qurbangahımız var ki, ibadət çadırında xidmət edənlərin ondan yeməyə icazəsi yoxdur.

11Çünki baş kahin günah qurbanı olan heyvanların qanını Müqəddəs yerə gətirir, cəsədləri isə düşərgənin kənarında yandırılır.

12Bunun kimi İsa da Öz qanı ilə xalqı təqdis etmək üçün şəhər darvazasının kənarında əzab çəkdi.

13Buna görə Onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb Onun yanına gedək.

14Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.

15Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin bəhrəsi olan sözləri təqdim edək.

16Xeyirxahlıq etməyi və varınızı başqaları ilə bölüşməyi unutmayın, çünki Allah bu cür qurbanlardan razı qalır.

17Öz rəhbərlərinizə itaətli olun və onlara tabe olun. Axı onlar hər vaxt həyatınız üçün qayğı çəkir, çünki hesabat verəcəklər. Qoy onlar bunu sevinclə etsinlər, ah-zarla etməsinlər, çünki bu sizə fayda verməz.

18Bizim üçün dua edin. Biz əminik ki, vicdanımız təmizdir və hər cəhətcə yaxşı həyat tərzi sürməyə can atırıq.

19Yanınıza tez qayıtmağım üçün dua etmənizi xüsusilə xahiş edirəm.

20Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah

21sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz. İsa Məsihə əbədi izzət olsun! Amin.

22Qardaşlar, sizdən xahiş edirəm, bu öyüd-nəsihət sözünü dözümlə qəbul edin, çünki sizə qısaca yazdım.

23Xəbəriniz olsun ki, qardaşımız Timotey azadlığa buraxılmışdır. Əgər tezliklə yanıma gələrsə, onunla birlikdə sizi görəcəyəm.

24Bütün rəhbərlərinizi və müqəddəslərin hamısını salamlayın. İtaliyadan olanlar sizə salam göndərirlər.

25Hamınıza lütf olsun!

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath