Xristianlıq
geri

YARADILIŞ 28

1İshaq Yaqubu çağırıb ona xeyir-dua verdi və xəbərdarlıq edərək dedi: «Kənan qızlarından arvad alma.

2Qalxıb Paddan-Arama, ana baban Betuelin evinə get. Oradan dayın Lavanın qızlarından özünə arvad al.

3Külli-İxtiyar Allah sənə xeyir-dua versin, səni bəhərli edib nəslini çoxaltsın, səndən çoxlu xalq törəsin;

4İbrahimin xeyir-duasını sənə və səninlə birgə nəslinə versin ki, Allahın İbrahimə verdiyi torpağı – qərib kimi yaşadığın torpağı irs olaraq alasan».

5İshaq Yaqubu yola saldı. O, Paddan-Arama, Yaqubla Esavın anası Rivqanın qardaşı Aramlı Betuel oğlu Lavanın yanına getdi.

6Esav gördü ki, İshaq Yaquba xeyir-dua verdi və özünə arvad almaq üçün onu Paddan-Arama göndərdi; həm də ona xeyir-dua verən zaman «Kənan qızlarından arvad alma» deyib xəbərdarlıq etdi.

7Yaqub da ata-anasına qulaq asıb Paddan-Arama getdi.

8Esav gördü ki, Kənan qızları atası İshaqın xoşuna gəlmir.

9Esav İsmailin yanına getdi. O, İbrahim oğlu İsmailin qızı Maxalatı arvadlarının üstünə arvad aldı. Maxalat Nevayotun bacısı idi.

10Yaqub Beer-Şevadan çıxıb Xarana tərəf getdi.

11Bir yerə çatıb orada gecələdi, çünki günəş batmışdı. O torpaqdan bir daş götürüb başının altına qoydu və orada yatdı.

12O, yuxuda gördü ki, yerin üzərində bir nərdivan durmuş və onun başı göylərə çatmışdır. Allahın mələkləri onunla çıxıb-düşürdülər.

13Rəbb nərdivanın üstündə durub deyirdi: «Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və nəslinə verəcəyəm.

14Sənin nəslin yerin tozu kimi çox olacaq, qərbə, şərqə, şimala və cənuba yayılacaq. Yer üzünün bütün tayfaları sənin və nəslinin vasitəsilə xeyir-dua alacaq.

15Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam və bu torpağa qaytaracağam. Dediyimi edənə qədər səni tərk etməyəcəyəm».

16Yaqub yuxusundan oyanıb dedi: «Doğrudan da, Rəbb buradadır. Mən isə bunu bilmirdim».

17Sonra qorxub dedi: «Bu yer necə də qorxuludur. Bu, Allahın evindən başqa bir şey ola bilməz, bura göylərin qapısıdır».

18Yaqub səhər tezdən qalxdı. O, başının altına qoyduğu daşı götürüb sütun kimi qoydu və üstünə zeytun yağı tökdü.

19O yerin adını Bet-El qoydu, ancaq əvvəlcə şəhərin adı Luz idi.

20Yaqub əhd edib dedi: «Əgər Allah mənimlə olsa, getdiyim bu yolda məni qorusa, mənə yemək üçün çörək və geymək üçün paltar versə,

21sağ-salamat atamın evinə dönsəm, o zaman Rəbb mənə Allah olacaq.

22Sütun kimi qoyduğum bu daş da Allahın evi olacaq. Ay Allah, mənə verəcəyin hər şeyin onda birini Sənə verəcəyəm».

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath