Xristianlıq
geri

QALATİYALILARA 1

1Nə insanlardan, nə də insan vasitəsilə, yalnız İsa Məsih və Onu ölülər arasından dirildən Ata Allah vasitəsilə həvari təyin olunan mən Pauldan

2və mənimlə olan bütün qardaşlardan Qalatiyada olan imanlı cəmiyyətlərə salam!

3Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!

4Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın.

5Allaha əbədi izzət olsun! Amin.

6Heyrətlənirəm ki, Məsihin lütfü ilə sizi çağıran Allahı belə tezliklə tərk edib başqa bir müjdəyə tərəf dönürsünüz.

7Əslində başqa müjdə yoxdur. Amma sizi lərzəyə salıb Məsihin Müjdəsini təhrif etmək istəyənlər vardır.

8Amma istər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun!

9Əvvəlcə dediyimizi indi bir daha deyirəm: kim sizə qəbul etdiyiniz Müjdəyə zidd bir şey yayırsa, ona lənət olsun!

10İndi mən insanları, yoxsa Allahı məmnun etməyi axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Əgər mən hələ də insanları razı salmaq istəsəydim, Məsihin qulu olmazdım.

11Qardaşlar, sizə bəyan edirəm ki, mənim yaydığım Müjdənin mənbəyi insan deyil.

12Çünki mən onu insandan almadım və insan tərəfindən də öyrədilmədim. Bunu mənə İsa Məsih vəhy vasitəsilə açdı.

13Yəhudi dininə bağlı olduğum günlərdə mənim necə həyat sürdüyümü eşitdiniz. Mən Allahın cəmiyyətini hədsiz təqib edir, onu dağıdırdım.

14Yəhudi dinində soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha irəlidə idim. Ata-babalarımın adət-ənənələrinin qeyrətini həddindən artıq çəkirdim.

15Amma hələ anamın bətnindən məni seçib lütfü ilə çağıran Allah

16Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər arasında yayım deyə Onu mənə zahir etməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim.

17Yerusəlimə, məndən qabaq həvari olanların yanına da getmədim, amma Ərəbistana getdim, sonra yenə Dəməşqə qayıtdım.

18Üç il keçəndən sonra isə Kefa ilə tanış olmaq üçün Yerusəlimə getdim və on beş gün onun yanında qaldım.

19O biri həvarilərin heç birini görmədim. Yalnız Rəbbin qardaşı Yaqubu gördüm.

20Allahın önündə sizə yazdıqlarımın yalan olmadığını deyirəm.

21Sonra Suriya və Kilikiya diyarlarına getdim.

22Yəhudeyanın Məsihdə olan cəmiyyətləri isə məni şəxsən tanımırdılar.

23Yalnız bu sözü eşidirdilər: «Bir zaman bizi təqib edən şəxs vaxtilə yox etməyə çalışdığı imanı müjdələyir».

24Beləliklə, mənə görə Allahı izzətləndirirdilər.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath