Xristianlıq
geri

ESTER 6

1Həmin gecə padşahın yuxusu qaçdı. O əmr etdi ki, hökmranlığının xatirə kitabı – salnamələr kitabı gətirilsin. Bunlar padşahın hüzurunda oxundu.

2Orada belə bir yazı tapıldı: «Saray darvazasının keşikçilərindən Biqtana ilə Tereş adlı iki hərəmağası padşah Axaşveroşa sui-qəsd hazırlamışdı. Mordokay bunu padşaha xəbər vermişdi».

3Padşah dedi: «Buna görə Mordokaya hansı şərəf və mükafat verildi?» Onun xidmətində duran nökərlər dedi: «Buna görə ona heç nə edilməyib».

4Padşah dedi: «Həyətdə kim var?» Bu zaman Haman padşah sarayının bayır həyətinə girmişdi ki, padşahla danışıb Mordokayı düzəltdiyi dar ağacından asdırsın.

5Padşahın nökərləri ona dedi: «Budur, Haman həyətdə dayanıb». Padşah dedi: «Gəlsin içəri».

6Haman içəri gələndə padşah ona dedi: «Padşahın şərəfləndirmək istədiyi adama nə edilməlidir?» Haman da özlüyündə düşündü: «Məndən başqa kimi şərəfləndirmək istər ki?»

7Bu halda Haman padşaha belə dedi: «Padşah kimi şərəfləndirmək istəyirsə, qoy belə edilsin:

8padşahın geyindiyi şahlıq libası, padşahın mindiyi və başına şahlıq kəkili qoyulan at gətirilsin.

9Həmin paltar və at padşahın ən yüksək rütbəli rəislərindən birinin əlinə verilsin ki, padşahın şərəfləndirmək istədiyi adamı geyindirərək ata mindirsinlər və şəhər meydanında gəzdirsinlər və qabağa düşüb belə car çəksinlər: “Padşah istədiyi adamı bu cür şərəfləndirir”».

10Padşah Hamana dedi: «Paltar və atı tez götürüb saray darvazasında vəzifəsi olan Yəhudi Mordokaya dediklərinin heç birini əskiltmədən et».

11Haman paltar və at götürüb Mordokayı geyindirdi. Sonra ata mindirərək şəhərin meydanında gəzdirdi və qarşısında car çəkərək dedi: «Padşah istədiyi adamı bu cür şərəfləndirir».

12Bundan sonra Mordokay saray darvazasına qayıtdı. Haman isə dərdli və başıörtülü halda tez evə qayıtdı.

13O, arvadı Zereşə və dostlarına başına gələn bütün əhvalatları danışdı. Müdrik məsləhətçiləri ilə arvadı Zereş ona dedi: «Qarşısında mövqeyini əldən verdiyin Mordokay Yəhudi soyundandırsa, ona gücün çatmaz, mütləq qarşısında məhv olacaqsan».

14Elə onunla söhbət edirdilər ki, padşahın hərəmağaları Hamanı tələsik Esterin qurduğu ziyafətə apardı.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath